Baş səhifə Elmi iş Elmi məqalələr Ədəbiyyat Mətbuatdan Video Əlaqə
Cahid İsmayıloğlu













MÜNDƏRİCAT
Baş səhifə
Elmi iş
Məqalələr
Elmi məqalələr
Ədəbiyyat
Mətbuatdan
Rəylər
Video
Foto albom

 
| More

 

 

CAHİD KAZIMOV,
AMEA, Nəsimi adına Dilçilik İnstitutunun aspirantı

MAHMUD KAŞĞARLININ «DİVAN» INDA ŞƏHƏR ADLARI (ÇOXADLILIQ MƏSƏLƏLƏRİ)

Azərbaycan onomastikasında gedən proseslər.
Respublika konfransının materialları. Bakı 2008, s. 67-71.

Qədim türk onomastikası mürəkkəb və mütəşəkkil bir sistemdir. Buna görə də bu məsələ qədim türk onomastikasının formalaşması və işlənmə xüsusiyyətlərinin qanuauyğunluğunun tam öyrənilməsinə sistemli yanaşmanı tələb edir. Qədim türk onomastikası dedikdə XIII yüzilliyə qədər (monqol istilasına qədər) abidələrdə, lüğətlərdə inkasını tapmış bütün onomastik adların toplusunu dərk edirik.

Qədim türk onomastikasının, toponimikasının altsistemlərinindən birini şəhər adları təşkil edir. Bu sistem vahid və hərtərəfli tədqiqatlar obyekti olmayıb, baxmayaraq ki, toponimik ekskurs olmadan türk dillərinin tarixi və nəzəriyyəsi ilə əlaqədar bir sıra problemləri həll etmək mümkün deyil, xüsusən də Mahmud Kaşğarlının «Divan»ındakı xüsusi adların tarixi-etimoloji cəhətdən analizini vermək çətindir. Mövcud olan təhlilllər öz-özlüyündə müxtəlif müəlliflərin pərakəndə, çox zaman isə ziddiyyətli fikirlərindən ibarətdir, adətən bu cür nöqteyi-nəzərlər, baxışlar bu və ya digər onomastik adın formalaşmasının müəyyənləşdirilməsi ilə lokallaşır.

«Divan»da 96 şəhər adı haqqında məlumat verilmişdir.

BALIQ şəhəri haqqında. Bu adla üç şəhərin adı qeyd olunur. 1) Balık- islamdan çox öncə türk dilində «sığnaq, qala, şəhər»lərə verilən ad; 2) BEŞ-BALIK- Göytürklərdən uyğurlara keçən tanınmış bir türk şəhəri. 3) YANĞI BALIK və yoxud YENGİ BALIK- Uyğur şəhərlərindən biri.

Ümumiyyətlə, balık komponentli oykonimlərə Orxon-Yenisey abidələrində də rast gəlirik. Bu fakt həmin oykonimin tarixiliyini göstərməklə yanaşı, geniş və müxtəlif adlar adı altında yayıldığını da göstərir. Məsələn, Beşbalık oykoniminə Bilgə xaqan, Kül çor və ya ihe-Huşotu abidələrində, 11; Baybalık oykoniminə Şine-Usu və ya Moyun Çor abidəsində; Toğu balık oykoniminə Kül tiqin, 4 və Bilgə xaqan abidələrində, 30; Koçu balık və Süğçu balık oykonimlərinə IV uyğur əlyazmalarında rast gəlirik [4; 1, s. 24].

Ahmed Caferoğlu türk toponimlərindən bəhs edərkən yazır: «Bu qədər incə düşünən bu türk mütəfəkkirinin əməyi, türklüyün hər elm sahəsində öz keçərliyini isbat etmiş və doqquz yüz illik türk çoğrafiyasının və toponimikasının da şeyhlik payesini Kaşğarlıya vermişdir. Elmi baxımdan, ilk olaraq Kaşğarlı Mahmudun üzərinə əyildiyi türk yer adlarının yarısının və örgüsünün bir takım xüsusiyyətləri vardır. Çünki türkün və ümumiyyətlə, bəşəriyyətin də beşiyi sayılan Orta Asiya, eyni zamanda türk yer adlarının da doğuşunu hazırlayan bir sahə olmuşdur. Burası, qədim tarixi bir çox millətlərə keçid vermiş, yerləşmə və daşma qaynağı olmuşdur. Tarixi qaynaqların işığı altında VI-VII yüzilliklərdə burada Göktürk dövləti qurulmuş, b a l ı k, oba, yazı, yurt, yış tagözü, yal, kaş və əmsalı kimi ilk köçəbə dövlət çoğrafiya məfhumları təşəkkül etməyə başlamışdır. Daha sonraları Göktürk dövlətinin yerini alan Uyğur xanlığıında, türk yer adları sistemi daha verimli gəlişmələr saxlamışdır. Müxtəlif dinlərə intisapta heç bir əngələ rast gəlməyən bu türk xanlığı dövründə, köçərilikdən yerəşik həyata keçiş, türk çoğrafiyasını, geniş bir yabançı təsir sahəsinə aparıb çıxarmış və şəhərlərdə yerləşməyə başlayan türk cəmiyyətinin yer adları sistemi dəyişməyə üz tutmuşdur. Türk adlı yeni şəhərlər, b a l ı k l a r törəməyə başlamışdır. Türk yerləşmə və iskanının ilk yer adına aid ünsürü olaraq irəli sürülən bu b a l ı k kəlməsinin törəyişi VII yüzillikdəe etibarən türk dövlət və kültür təşkilatı içərisində yer tutmuş, yerinə və kaviminə görə xüsusi mənalar almışdır. Əslində kəlmə dövlət təşkilatında, rəsmən «şəhər, qala» mənalarında istifadə edildiyi halda, XI əsr Arğularında «çamur, palçıq» mənalarında işlənmişdir Eyni simvolik kəlmə köçəri türk mühitində yurt kəlməsi ilə dəyişdirilmişdir. Çeşidli mərhələlər keçirən türk yer adları sistemi, zamanla türk tayfalarının yayımına və gəlişməsi ilə bağlı qalaraq, olduqca zəngin bir yapı xarakterinə sahib olmuşdur. Kaşğarlının «Divan»ında işlənmiş dövrün yer adları xəritələrdə olanlardandır [2, s. 42-43].

«Divan»dakı digər şəhər adlarından biri «ORDU» adlanır. Ordu sözünün lüğətdə 5 mənası göstərilib. Onlardan ikisi toponimik vahiddir. Balasağun yaxınlığında bir şəhərin adıdır. M. Kaşğarlı məlumat verir ki, Balasağun şəhərinə də «KOZ ORDU» deyirlər (MK, 1, 124). Həmçinin xaqanın oturduğu şəhərə də «Ordu» deyirlərmiş. Xaqanların yaşadıqları Kaşğar şəhərinə «ORDU KEND» deyilirmiş (MK, 1, 124).

Bu toponimik vahidin üç mənası lüğətdə aşağıdakı kimi təqdim olunur: 1) ordu: ordu başı= Xaqanların döşeyicisi, yayğıçısı; 2) ordu: Siçan və göstəbək kimi yerdə yaşayan heyvanların yuvası; ordu: ordu tal= hamam otu- iki dialekdə; türk və türkmən dialektlərində (MK, 1, 124).

Çoxadlılıq «Divan»da təsvir olunan şəhər adlarının başlıca xüsusiyyətlərindən sayıla bilər. Məsələn, eyni şəhərin 5 adına rast gəlmək olur. Türkistanda ASBİCAB şəhəri var. Onun digər adları bu cürdür: İsbicab, Sayram, Sayzam, Çimkend (MK, 1, 30-38); Daşkənd (Taşkend) şəhərinin iki adı vardır. Biri ŞAŞ, digəri isə TERKEN. Balasağun şəhərinin də iki adı göstərilib: Koz ordu və Kuz uluş.

Çoxvariantlılıq «Divan»da təsvir olunan şəhər adlarının digər əlamətlərindəndir. Məsələn, KOÇU şəhərinin üç variantına nəzər yerirək: Köçe, Küçe, Küşen. Taraz şəhərinin Talas və Tıraz variantları mövcuddur.

Eyni şəhər adının fərləndirici əlaməti göstərilir. Məsələn, Talaş, Talas şəhərinin Kiçi və Kümi kimi fərqləndirici leksik vahidləri özünü göstərir.

Uyğurlarda olan Balık adlı şəhəri fərqləndirmək üçün Beş və Can appelyativlərindən istifadə olunmuşdur: BEŞ-BALIK və CAN-BALIK (MK, 1, 113, 379; 59, 394).

Şəhər adının variantları fonetik cəhətdən fərqli görünür. Məs.: AŞÇAN= Çinə gedən yol üzərində qonaq yeri olan şəhərin adı (MK, 1, 137-23). Fonetik variantı- AŞIÇAN.

Lüğətdə təkvariantlı şəhər adları da çoxdur: BEŞ= Göktürklərdən uyğurlara keçən tanınmış bir türk şəhəri (MK, 1, 113, 379); CAN= bir uyğur şəhərinin adı (MK, 1, 113); YANĞI= bir uyğur şəhərinin adı (MK, 1, 113, 379).

«Divan»da təsvir edilən şəhərləri inşa edənlərin də haqqında məlumatlar verilmişdir. Məsələn, BARÇUK şəhərini Əfrasiyyab qurmuşdu (MK, 1, 381, 466). Və ya, Kaz oynı= Kazın qurduğu indiki Qəzvin şəhəri (MK, III, 149).

«Divan»da şəhərlər oğuz və qıpçaq şəhərləri olmaqla iki qrup üzrə verilmişdir. 1) Oğuz şəhərlərinin adları: Farap, ikinci adı Karaçuk (MK, 1, 487); Karnak=bir oğuz şəhəri; Sepren\\Sapran, Sitgün, Suğnak 2) Qıpçaq şəhərlərinin adları: Ferqana=Türklərin «Özkend» dedikləri şəhərin adı (MK, 1, 344, 380, II, 285); Hotan- Xotan; Itlık= Tıraza yaxın bir şəhərin adı (MK, 1, 98, 503); Kaşğar= Doğu türk elində tanınmış şəhər adı (MK, 1, 10, 30, 124 və s.); Kençek Senğir=Talas yanında Qıpçaq sərhəddi olan şəhərin adı (MK, 1, 480).

«Kaşğarlının bəhs etdiyi başlıca oğuz şəhərlərinə gəlincə bunlar Sabran, Sitkün, Suğnak, Karnak və Karaçuk şəhərləridir. Kaşğarlı bunların oğuz şəhəri olduğunu bildirməklə eyni çevrədə kaydettiyi Sayram (isficab-Beyza) şəhəri haqqında bir məlumat verməmişdir. Görünüşə görə Sayram, Karluk şəhərlərindən olmuş və bu şəhər bəlkə də Oğuz-Karluq sərhəddini təşkil etmişdir. Adıçəkilən şəhərlər haqqında F.Sümer tərəfindən etiraflı məlumatlar verilmiş, yerləri də təsbit edilmişdir. Eyni şəhərlər və onların adları barədə «Divan»ana və İslam tarixçilərinin əsərlərinə istinad edən türk alimi F.Köprülü də ətrafli bilgilər vermişdi [5, s. 38; 6, s. 117, 118; 3, s.30].

Diqqəti cəlb edən şəhər adlarının bəziləri həm də bölük adı kimi təqdim olunur. Məsələn, BULĞAR= 1) Türklərdən bir bölük; 2) İdil boyunda tanınmış qədim bir türk şəhəri (MK, 1, 30, 32, 437, 456; MK, II, 67, 225); Taşkend (Şaş, Terken)= Türküstanda tanınmış şəhər adı (MK, 1, 443, III, 150).

«Divan»da şəhərlərin coğrafi koordinatları göstərilir. Məsələn, Katun sını\\Katun sini şəhərinin Çin ilə Tenğut ölkəsi arasında yerləşdiyi göstərilir (MK, III, 138); Kayas, Saplıg, Ürünğ, Kara= Toxsı və Cigil ölkəsində şəhər adları (MK, III, 172).

«Divan»da m a n komponentli şəhər adlarına təsadüf olunur: Mankent= Kaşğar yaxınında bir şəhər adı (MK, III, 157), Man kışlag (Öğuz ölkəsində bir şəhər adı (MK, 1 465, III, 157).

«Divan»da eyni şəhər adının həm qısa, həm də mürəkkəb formaları özünü göstərir. Məsələn, müqayisə et: Merv= Turanda bir şəhər adı (MK, III, 149), Merv- eş- şahıcan- eyni şəhərin başqa adı (MK, III, 149).

«Divan»da şəhərin kiçikliyi, böyüklüyü, eyni zamanda tanınan olması da qeyd olunmuşdur. Məsələn, Sekirme= Xotan yolunda kiçik bir şəhərin adı (MK, 1, 490), Semerkand\\Semizkend- tanınmış şəhər adı (MK, 1, 144; III, 150).

«Divan»da eyni onomastik vahid həm şəhər, həm şəxs, həm də ulus adı kimi təsvir olunur. Məs.: Türk= Türk elində bir şəhər adı (MK, III, 320), Türk= Nuh yalvaç oğlu Yafesin oğlu (MK, 1, 28, 350), Türk= ulus adı (MK, 1, 3, 4, 10 və s.).

Şəhər adının cüzi şəkildə dəyişdirilmiş forması yoxuş adına verilmişdir. Məs.: Yafgu=Barsgan yaxınında bir şəhər adı (MK, III, 32), Yavart= bu şəhərə yaxın bir yoxuşun adı (MK, III, 32).

Həm şəhər, həm də dərə adı kimi təsvir olunanlar: Yavınç= 1) Ilaya yaxın bir şəhər adı; 2) bir dərə adı (MK, 1, III, 375).

Kent\\kənd komponentli şəhər adlarına da rast gəlmək olur: Yarkent= bir şəhər adı (MK, I, 484); Yenkent=bir şəhər adı, III, 149, 150- bu şəhərin bir adı da Dizruyin adlanır).

Beləliklə, Mahmud Kaşğarlının «Divan»ı əsasında qədim türk şəhər adlarının öyrənilməsi sahəsində düzgün sistemlə yanaşma, həm türk, həm də ümumi toponimikanın tarixi və nəzəriyyəsinin qaranlıq qalmış məsələlərinə də aydınlıq gətirə bilər.

Bundan əlavə, həmin dövrlərdə qədim şəhər adlarının formalaşmasına həlledici təsir göstərmiş faktorlar da müəyyənləşir. İctimai-siyasi hadisələrin, dinin və s. təsiri inkaredilməzdir. Toponimiyada digər onomastik vahidlərdən fərqli cəhət coğrafi nomenklaturanın üstünlüyüdür.

ƏDƏBİYYAT

  1. Quliyev Ə.A. Qədim türk onomastikasının leksik-semantik sistemi. Doktorluq dissertasiyasının avtoreferatı. Bakı, 2003, s. 24.
  2. Caveroğlu Ahmed. Kaşğarlı Mahmud. İstanbul, 2004, s. 42-43.
  3. Reşad Genç. Kaşğarlı Mahmuda göre XI yüzyılda türk dünyası. Ankara, 1997, s.30 .
  4. Rəcəbov Ə, Məmmədov Y. Orxon-Yenisey abidələri. Bakı, 1994.
  5. Sümer F. Oğuzlar. s. 38 .
  6. Köprülü F.. Türk edebiyatında ilk mutasavviflar. II . Baskı , Ankara , 1966, s . 117, 118.
 



Biblioqrafik göstəricilər
1. Azərbaycan dilində
2. Türk dilində
3. Özbək dilində
4. Uyğur dilində
5. Qazax dilində
6. Türkmən dilində
7. Tatar dilində
8. Başqırd dilində
9. Tacik dilində
10. Fars dilində
11. Çin dilində
12. Yapon dilində
13. Rus dilində
14. İngilis dilində
15. Alman dilində
16. Fransız dilində
17. İtalyan dilində
18. Macar dilində

 



© 2007 WebStudio.AZ
Copyright © 2009 Cahid İsmayıloğlu / www.cahidismayiloglu.com; www.ismayiloglu.com; www.cahid.info.