Baş səhifə Elmi iş Elmi məqalələr Ədəbiyyat Mətbuatdan Video Əlaqə
Cahid İsmayıloğlu













MÜNDƏRİCAT
Baş səhifə
Elmi iş
Məqalələr
Elmi məqalələr
Ədəbiyyat
Mətbuatdan
Rəylər
Video
Foto albom

 
| More

 

 

CAHİD KAZIMOV,
AMEA, Nəsimi adına Dilçilik İnstitutunun aspirantı

MAHMUD KAŞĞARLININ «DİVAN»INDA ONOMASTİK TERMİNLƏR

AMEA Terminologiya Komissiyası. Terminologiya məsələləri. Bakı, “Elm”, 2007, səh.: 159-164.

XI yüzilliyin ən məşhur abidəsi olan «Divanü luğat-it-türk» əsəri qədim türklərin həyatı, məişəti, məşğuliyyəti, maddi və mənəvi mədəniyyəti, dini dünyagörüşü və s. ilə yanaşı, onların xüsusi adlar sistemi, sosial-iqtisadi terminologiyası haqqında da maraqlı informasiyalar verir. Ona görə də Mahmud Kaşğarlıdan bəhs edən türkoloqlar onu dilçi, tarixçi, etnoqraf adlandırmaqla yanaşı, çoğrafiyaşünas toponimçi də hesab etmişlər [8, s. 3-9].

Mahmud Kaşğarlı bir coğrafiyaşünas kimi «Divan»a bir xəritə də əlavə etmişdir. Bu, ilk Türk dünya xəritəsidir. Xəritədə onomastik-coğrafi terminlər (dağlar, dənizlər, çaylar və s.) haqqında məlumat verilməklə yanaşı, müəyyən simvollardan, nomenklaturalardan da istifadə edilmişdir. Məsələn, xəritədə dağlar qırmızı, dənizlər yaşıl, qumluq sahələr sarı, çaylar mavi rənglərlə göstərilmişdir. Xəritənin ana mərkəz nöqtəsini türk hökmdarlarının yaşadığı Balasagun şəhəri təşkil edir.

«Divan»da terminlər onomastik vahidlərin tərkibində iştirak etdiyi üçün onu iki qrupda təhlil etmək olar:

I. Antroponimik vahidlərin tərkibində olan sosial terminlər. Həmin terminlər müxtəlif titullardan ibarətdir. Bu titullar mürəkkəb antroponimlərin tərkibində işlənir, ümumtürk antroponimiyasında ayrıca leksik-semantik qrup təşkil edir. Bu titullar bir silkə, təbəqəyə, zümrəyə mənsubdur [11, s. 52-59]. Bu sözlər T. Canuzakovun fikrincə, keçmiş sosial-iqtisadi terminlərdir, titul funksiyasını yerinə yetirir, qədim türkün cəmiyyət həyatında oynadığı rolu, vəzifəni, rütbəni mürəkkəb şəxs adının epiteti kimi əks etdirə bilir [6, s. 17].

«Divan»da əsas yer tutan məsələlərdən biri də sosial təbəqə məsələsidir. Hiss olunur ki, bu təbəqə oğuzlarda bəy, xalq (kara budun) və kölə olmaq üzrə siniflənmişdir.

«Divan»da mürəkkəb antroponimlərin bir hissəsi həmin sosial təbəqələrlə bağlı terminlərdir: tegin, bek, xan, yabqu, xaqan. Bu terminlər mənsubluğa görə verilirdi. Lev Qumilov «Qədim türklər» əsərində bu rütbələrin verilməsi haqqında yazırdı: «Çin mənbələrinin məlumatına görə xan elan edilməsi mürəkkəb təntənəli mərasimlə müşayiət olunurdu: xidmətçilər onu keçə üzərində əyləşdirir və doqquz dəfə iştirakçıların alqış sədaları altında günəş istiqamətində dövrə vururdular. Sonra onu ata mindirir, boğazına ipək parça dolayır və düyünü bir anlığa boşaldaraq neçə il xan olmaq istəyini soruşurdular.

Dövlətdə xandan sonra birinci şəxs yabqu sayılırdı. Əslində yabqu vitse-kral idi və bu vəzifəyə bir qayda olaraq hakimiyyətdəki nəslin nümayəndələri təyin edilirdilər. Məsələn, İl-xan Bumının vaxtında onun doğma qardaşı İstemi yabqu idi. Lakin bununla birlikdə yabqu taxt-tacın varisi deyildi, vəliəhd vəzifəsindən asılı olmayaraq «tigin» adlanırdı [3, s. 67].

Xan = 1) Çin xaqanı. 2) «ölkəsi qədim və böyük» anlamında xanlara verilən titul (MK, I, 454).

Xan titul-termini «Divan»da «Boğra Xan»ın, «Boğra Kara Xan»ın adında öz əksini tapmışdır. Birinci bir türk xanının, ikinci isə Xaqanlı hökmdarlarından birinin adıdır. Əsərdə göstərilir ki, Boğra xan «Sığun Samur» adlı bir yerdə zəhərlənmişdi (MK, I, 409).

Bu termin «Kadır» adının da bir hissəsi kimi işlənmişdir. «Kadır Xan»= Xaqanların sərt və çətin olanına verilən bir titul olmasından savayı Xaqanlı ulusu xanlarının adı (MK, I, 364).

«Divan»da Beğ\bəy termini mürəkkəb kişi adlarının tərkibində işlənmişdir. Məs.: Çağrı beğ. Çağrı- doğan, çakır quşunun adıdır. Beğ sözü ilə birgə kişi adını yaratmışdır (MK, I, 421).

Bu termin özünə güvənən bir bəyin-İnanç adlı bir bəyin də adının bir hissəsini təşkil etmişdir. Mahmud Kaşğarlı yazır ki, inanç-güvənilən, inanılan deməkdir. Buradan alınaraq «İnanç Beğ» deyilmişdir ki, bu da inanılan, etimad edilən bəy deməkdir (MK, I, 133).

Tigin\\Tegin termini Mahmud Kaşğarlının əsərində ilk növbədə «qul» anlamında işlənmişdir. Məs.: Bekeç Arslan Tegin= Yabaku böyüklərindən «Budraç»ın dustaq düşdüyü zaman müsəlman türklərinin başında duran adam (MK, I, 452).

Budhraç yene kudurdı

Alpağutın adhırdı

Süsin yana kadırdı

Kelgelimet irkeşür (Yabaku oymağının beyi olan Budhraç yine askeriyle döndü, yigitleri seçti, gelmek için toplandı) (MK, I, 144).

Fonetik cəhətdən fərli iki variantdadır: Begeç Arslan tegin, Bekeç Arslan tigin. Bekeç: Tekinlerin sanı; nitekim Begeç Arslan Tegin deyirlər. Bu kəlmə yumşaq kefle söyləndiyində kiçiltmə bildirir. «Beycegiz» demək olur. Bu da acınmak və sevmek bildirir, çünki «beg» yumşaq kaf ilədir (MK, I, 358).

M.Kaşğarlı «bekeç»in də tiginlərə verilən bir ləqəb olduğunu bəyanla, əsərində Yabaku savaşları dolayısıyla adı keçən «Bekec Arslan Teğini buna örnək olaraq göstərməkdə isə də bu ləqəbin bütün tiğinlilərə verilib-verilmədiyi xususunda açıq bilgi verməmişdi [ 10, s. 89-90].

M.Kaşğarlı yazır: «…yabakuların ən böyüyünə olduğu kimi igidlərə də «büke» adı verilirdi: Büke Budraç. «Büke»- əjdaha, böyük ilan, yeddi başlı əjdaha mənasındadır. Ulu Tanrı bunu yeddi yüz min əsgəri olduğu halda müsəlmanlardan Arslan Tekin Cazinin qırx min əsgəri ilə yapılan bir çarpışmada bozğuna uğratdı (MK, III, 227). «Divan»da Büke eyni bəyin başqa bir adı kimi də işlədilir (MK, III, 227). M.Kaşğarlının ifadəsinə görə, Yabakuların ən böyüyünə, yəni bir elin hökmdarlarına əjdaha anlamında «büke» deyilirmiş.

«Divan»da «tigin» termini «Çağrı» antroponiminin tərkib hissəsi kimi də işlənmişdir. Çağrı Tegin. Bu mürəkkəb şəxs adı Xakanlı ailəsi uşaqlarına verilən adlardandır. Mahmud Kaşğarlı bu mürəkkəb adın «tigin» hissəsi haqqında yazır: « Tigin əslində «kölə» deməkdir; buradan alınaraq rəngi gümüş kimi saf olan köləyə «Gümüş tigin», igid köləyə «Alp tigin», uğurlu köləyə «Kutluğ tigin» deyirlər. Bu termin-kəlmə Xakanlı ailəsinin çocuqlarına ad olmuşdur. Bu, yırtıcı quşlardan birinin adı ilə əlaqədardır. «Çağrı tigin» - «doğan tekin» deməkdir. «Küç tigin»- «kuvvetli tekin» deməkdir. Bu adın kölələrdən Əfrasiyab qullarına keçməsinə gəlincə, onlar babalarını çox sayarlar, böyük tutarlar: nə vaxt babalarına qarşı söz söyləyəcək olurlarsa, yaxud bir şey yazmaq istərlərsə, özlərini kiçik göstərmək, babalarını böyüklətmək üçün «qul belə yapdı, qul belə işlədi» deyərlər. Kölələrin adını bunlardan ayrılmaq üçün bu kəlmənin yanına bir şey eklənir» (MK, I, 414).

«Divan»da tigin termini «Kutluğ» adının komponenti kimi də işlənmişdir. Kutluğ tegin= kölə adı, uğurlu kölə anlamında (MK, I, 413). «Kut»\\qut- xoşbəxt, uğur mənasınadır.

«Tekin» termini «küç» sözü ilə birgə işlənərək, yuxarıda göstərdiyimiz kimi, Xakanlı ailəsi uşaqlarına verilən adlardan (Küçtekin) biri kimi diqqəti çəkir (MK, I, 423).

«Tekin» terminin birgə işləndiyi digər bir söz «kümüş» sözüdür. Kümüş tegin- bir kölənin adı olub, əlaməti= rəngi gümüş kimi təmiz olan (MK, I, 413) şəxsin adıdır.

«Tekin» termini Toğan\\doğan sözü ilə birgə (MK, I, 111) də (Toğantekin şəklində) işlənmişdir.

«Tegin» termini «Yağan» adı ilə birgə «Divan»da kişi adı (Yağantekin) kimi işlənmişdir (MK, III, 29).

«Tegin» termini «Alp» adı ilə birgə «Divan»da igid, qəhrəman kölə anlamında işlənmişdir (MK, I, 413).

Təsadüfi deyil ki, çinlilər «qul» sözünün ekvivalentini «pi» deyil, «tchin» (tiqin) sayırdılar. «Tigin» sözünü «vassal», «sujet» şəklində tərcümə edənlər də var. Maraqlıdır ki, «Orxon-Yenisey» kitabələrinin bir sıra mətnləri « tigin», «qul» sözlərinin semantikasına dəqiqlik gətirməyə imkan yaradır. «Gil-Tigin» abidəsində: «… tabqaç budunka bəglik urı oqlın kul boltı, silik kız oqlın gunq boltı», yəni «onlar (türklər) tabğaç xalqına öz möhkəm bəy nəsilləri qul, əsilzadə qızları günü oldular».

Demək, «tigin» və «qul» terminləri o vaxtlar sinonim kimi işlənmiş, mənaları başqasına tabe olmaqdır. «Bu çalar X1X əsrə qədər qorunub saxlanıb, lakin sonrakı türklər qul alverinin səciyyəvi sayıldığı müsəlman mədəniyyəti sisteminə daxil olduqlarından, «qul» termini satılan kölələrə şamil edilməyə başladı» [ 3, s. 68].

Orxon-Yenisey kitabələrində Tigin titullu aşağıdakı antropnimlərə rast gəlmək olur: Yaruk Tigin, Ozmış Tigin, Tona Tigin, Yolığ Tigin, Kül Tigin.

«Tigin» sosial termininin etimologiyası fikir müxtəlifliyinə səbəb olmuşdur. Türk mənşəli olan bu termini jujanlara aid edənlər ( 2), fars mənşəli «dehyan» (dəhkan-tehken-teken-tigin) sözü ilə əlaqələndirənlər [12; 5, s. 86 ], «şahzadə», «xaqanın oğlu» (Rəcəbov, Məmmədov), «şahzadə», «hökmdardan sonra taxta çıxacaq xanzadə» (Adilov, Paşayev; B.Abdullayev [1, s. 11], «vassal» (N.J.Biçurin), «əldə olmaq», «yaxınlaşmaq» [9, s. 18]; «xanın birdəfəlik müavini, adi saray xadimi», «xan ailəsinin qohumu» (G.Dörfer), «şahzadə», «xanın yaxın qohumu» (J.Qəribova), «yerli hakim», «hökmdar» (ərəb mənbələrində) və s. mənalarında işlədənlər də olmuşdur.

V.Yunusovanın araşdırmalarına görə, «tigin» terminli şəxs adlarından olan Ozmış Tigin antroponiminin «öz» kökü-praforması qədim türk dillərində «xilas olmaq», «qurtulmaq», «azad olmaq» anlamlarında işlənmişdir [ 7, s. 22].

Ç.Hüseynzadə «tigin» terminli şəxs adlarının dilimizin müasir mərhələsində də işləkliyini qoruyub saxladığını aşağıdakı misallarla sübut edir: Aytekin, Ertekin [4, s. 20].

II. Toponimik vahidlərlə bağlı terminlər. «Divan»dakı toponimik vahidlərin tərkibində kənd, göl, irmağ, dərə və s. coğrafi terminlər də iştirak edir. Bunlar apelyativlərdir.

Kənd terminli toponimlər: Çimkend = Çim adının tərkibində «kənd» coğrafi termini işlənmişdir. İnçkend= Tanrı karğıyası= peçeli adındakı adama uymuş olanların şəhəri. Ordukend = Kaşğar şəhərinin digər bir adı (MK, I, 124; 343). Özkend = Fərqanə şəhərinin digər bir adı (MK, I, 344). Bu toponimin «Özçent\\Özçend» variantlarına da «Divan»da rast gəlmək olur (MK, III, 150). Semerkand\\Semizkend = tanınmış şəhər adı (MK, I, 144; 471; III, 150); Tünkend = Türk elində bir şəhər adı (MK, III, 150); Udhu kend = şəhər adı (Arğuca, MK, I, 87); Yarkend = bir şəhər adı (MK, I, 484); Yenkend= bir şəhər adı (MK, III, 149).

Göl terminli toponimlər. Siding köl = Koçngar başına yaxın bir göl adı (MK, III, 369); Yolduz köl = Küçe, Kindüt və Uyğurlar sərhəddində bir göl adı (MK, III, 135); Körünğ köl = Kaşğara yaxın bir gölün adı (MK, III, 370).

«Divan»da bəzi hallarda gölün adı termin-apelyativsiz işlənmişdir. Məs.: «Biyiz»= Kaşğar dağlarında bir gölün adı. Digər bir adı Körüngdür (MK, III, 135).

Göl termin-apelyativi digər mürəkkəb yer adlarının tərkibində də işlənmişdir. Məs.: Ay köl= Uç yaxınlığında bir yer adı (MK, III, 135).


İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT

  1. Abdullayev B. Azərbaycan şəxs adlarının izahlı lüğəti. Bakı, 1985.
  2. Балканско языкознание. ХХVIII\I, 1985, I:18.
  3. Qumilyov Lev. Qədim türklər. Bakı, «Gənclik», 1993.
  4. Гусейнзаде Ч. Тюркская антропонимия в средневековых арабоязычных письменных памятниках до ХIII в. АКД, Бакы, 1988.
  5. Qəribova J. «Teqin», yoxsa «Dehyan». Azərbaycan Elmlər Akademiyasının xəbərləri. Ədəbiyyat, dil və incəsənət seriyası, 1992, № 1-2.
  6. Джанузаков Т.Д. Основные проблемы ономастики казахского языка. Автореф дис. … д-ра филол. наук. Алма-Ата, 1976.
  7. Yunusova V. Orxon-Yenisey abidələrində şəxs adları. Namizədlik dissertasiyasının avtoreferatı, Bakı, 1999.
  8. Кононов А.Н. Изучение «Дивану лугат-ит турк» Махмуда Кашгарского в Советском Союзе\\ «СТ», 1973.
  9. Насилов В.Н. Древнеуйгурский язык. М., 1963.
  10. Reşad Genç. Kaşğarlı Mahmuda göre XI yüzyılda türk dünyası. Ankara, 1997.
  11. Саттаров Г. Сословные титулы и древнетатарские личные имена\\ Ономастика Поволжья. 1. Ульяновск, 1969.
  12. Clanson C. An Etymoloqical Dictionary of Prethirtechtc-century Turkish Oxford, 1972.


XÜLASƏ

Məqalədə Mahmud Kaşğarlının «Divan»ındakı sosial və coğrafi terminlərin onomastik vahidlərin tərkibindəki struktur-semantik inkişafı nəzərdən keçirilmişdir. Bunlar onomastik terminlərin tərkib hissəsi kimi tədqiq edilmişdir.


 



Biblioqrafik göstəricilər
1. Azərbaycan dilində
2. Türk dilində
3. Özbək dilində
4. Uyğur dilində
5. Qazax dilində
6. Türkmən dilində
7. Tatar dilində
8. Başqırd dilində
9. Tacik dilində
10. Fars dilində
11. Çin dilində
12. Yapon dilində
13. Rus dilində
14. İngilis dilində
15. Alman dilində
16. Fransız dilində
17. İtalyan dilində
18. Macar dilində

 



© 2007 WebStudio.AZ
Copyright © 2009 Cahid İsmayıloğlu / www.cahidismayiloglu.com; www.ismayiloglu.com; www.cahid.info.