Baş səhifə Elmi iş Elmi məqalələr Ədəbiyyat Mətbuatdan Video Əlaqə
Cahid İsmayıloğlu













MÜNDƏRİCAT
Baş səhifə
Elmi iş
Məqalələr
Elmi məqalələr
Ədəbiyyat
Mətbuatdan
Rəylər
Video
Foto albom

 
| More

 

 

CAHİD KAZIMOV,
AMEA, Nəsimi adına Dilçilik İnstitutunun aspirantı

MAHMUD KAŞĞARLININ «DİVANÜ LUĞAT-İT-TÜRK» ƏSƏRİNDƏ MANQIŞLAĞ, MANKƏND VƏ MANGÜZ TOPONİMLƏRİ

Bakı Slavyan Universiteti, “Kitab aləmi” nəşriyyat-poliqrafiya mərkəzi, Tağıyev oxuları, Beynəlxalq elmi konfrans, 1-2 iyun 2006-cı il, Bakı, Azərbaycan, 2006, səh.: 142-145.

«Man» sözü ümumtürk mənşəli və çoxyozumlu morfemlərdəndir.Bu morfemin semantikası da bir-birindən fərqli şəkildə izah olunur. Həmin komponentin ifadə etdiyi məna incəliklərini türk dillərinin ən qədim əlamətlərini qoruyub-saxlamış olan etnonimlərdə, toponimlərdə, hətta antroponimlərdə müşahidə etmək olur.

D.Y.Yeremeyev yazır ki, türk dillərində man\men sözü müəyyən dövrlərdə şəkilçi vəzifəsində çıxış etmiş, bu göstəricidə ismin, eləcə də substantivləşmiş sifətin mənasını ehtiva olunmuşdur [4, s.136] .

Mahmud Kaşğarlının «Divanın»da man komponentli üç toponimə rast gəlmək olur: Mankışlag, Manküz, Mankent. Lüğətin 1-ci cildində [3, I, s. 465] Mankışlağın oğuz ölkəsində bir yer adı olduğu göstərilir. Divanın 3-cü cildində man sözü kışlağ sözündən ayrı yazılmış [3, III, s. 157] və həmin adın da oğuz ölkəsində bir yer adı olduğu qeyd olunmuşdur. «Divan»da man sözünün ayrıca mənası da göstərmilmidir: man yaşlığ koy= dört yaşını keçən qoyun [3, III, s.157] . Türkoloji ədəbiyyatda Manqışlağ toponiminin semantikası və etimologiyası barədə müxtəlif yozmalar, fərziyyələr vardır. Bu fikirləri beş qrupa ayırmaq olar: 1. Manqış+-laq- manqış «dəniz nəhəngi, dəniz yırtıcısı» + -laq şəkilçi-Manqışlağ «nəhənglərin, yırtıcıların olduğu yer». Bu fikrin tərəfdarları E.Koyçubayev və A.Əbdiraxmanovdur [8, s.133] .

2. Manqışlağ-minqışlaq-min+qışlağ «min qışlağ». Bu fikir Vamberiyə məxsusdur [12, s. 160] 3.Manqışlağ- man+qışlağ –man «qoyun» +qışlaq» qışlama, qışlaq», qoyun qışlağı. Bu fikir F.Musabəyova məxsusdur [10, s.37, 38] .

4. Bu etimologiya A.Semenova aiddir. V.A.Nikonov onun yozumunu uğurlu etimologiya sayıb. Onun mülahizələrinə görə Manqışlağ – menk «etnonim» + qışlağ=Manqışlağ- «Menklerin yurdu, kəndi» (kənd taciri) [11, s. 34] .

5. S.Ataniyazovun hipotezası. Manqışlağ=man+qışlağ «man-möhkəmləndirilmiş, istehkam şəklinə salınmış kənd [1, s. 27] .

V.Maxpirov bu etimologiya ilə razılaşır. «Divan»dakı man komponentli «Mankənd» toponiminin də «istehkam şəklinə salınmış şəhər» mənasını daşıdığını göstərir [9, s. 95] .

Qeyd edək ki, toponimik vahidlərin tərkibində olan man elementi «keçi», «qoyun», «qışlaq», «heyvanların qışlama yeri» mənalarında da işlənmişdir [6, s. 16] .

Mankənd - vaxtilə Kaşğar yaxınlığında yaşayış məntəqəsinin adı olmuş, indi isə dağılmış şəhərin adıdır [3, III, s. 172] . Deyilənə görə, bu kənddə iri buynuzlu qoçlar saxlanılmış, ət, yun təsərrüfatında istifadə edilirmiş.

Manküz toponimi- payızda qoyun, quzu saxlanan otlağ (payız oğlağı).

Azərbaycanda güz komponentli Güzdək, Aşağı Güzdək oykonimlərinə də rast gəlmək olur ki, bu da «payızlıq», «payız yurdu» mənalarındadır [5, s.278] .

Bu faktlar güman etməyə əsas verir ki, tərkibində man morfemi olan toponimlər qoyunçuluqla bağlı olmuş yerlərin adını bildirir.

Z.Xasiyevin apardığı araşdırmalar göstərir ki, Azərbaycanın qərb rayonlarında heyvan adları ilə əlaqədar bir sıra toponimlər də mövcuddur. Bunlar yaranma və semantikasına görə diqqəti cəlb edir. Məsələn, tərkibində man olan Kələman, Manküz, Qaramandağ, Manqışlağ toponimləri daha səciyyəvidir. Man qədim türk dillərində «qoyun» mənasında işlənmişdir.

Z.Xasiyev « toğluman», qozman sözlərindən bəhs edir. Toğluman- altıaylıq dişi quzu.- Erkəyinə toxlu, tişisinə toxluman de:rix; qozman- doqquz yaşından yuxarı qoyun, qoç. Təqdir olunmalıdır ki, ilk dəfə bu maldarlıq terminini Azərbaycan dialektologiyasında Z.Xasiyev qeydə almışdır [7, s. 45, 50, 125] .

N.Zərinəzadə heyvandarlıqla bağlı man komponentli azman (beşyaşar qoyun), dizman (altıyaşar qoyun) sözlərinin fars mənşəli olduğunu göstərir [13, s.329] . Bu fikirlə razılaşmaq mümkün deyil. Çünki azman sözünün kökü azmaq, itmək, dızman sözünün kökü isə dızırıxmaq, təzmək felləri ilə əlaqədardır. Bu fellər və onlardan yaranmış isimlər (azman, dızman) qoyunçuluq təsərüfatında istifadə olunan dialekt sözlərindəndir.

Mahmud Kaşğarlının «Divan»ını türk dilinə çevirmiş Bəsim Atalayın izahına görə azma kəlməsi danışıq dilində, azman sözü isə imlada olan vaiantlardır. N-səsi sonradan əlavə olunmuşdur. Azma\\azman «buruğ qoç» anlamındadır [3, I, s.130] .

Cəbrayıl rayonunun Göyərçinli deyilən ərazisində Dizman yatağı, Azman yatağı adlı kiçik yer adlarının olduğu yaşlı insanlar tərəfindən göstərilir. Bu yerlərdə vaxtilə geniş qoyun yataqları olmuşdur.

M.Kaşğarlı göstərir ki, vaxtilə kaşğarlarda bir soyun, nəslin adı taman , düşmən ordusunu məğlub edən pəhrəvana verilən ləqəblərdən biri sökmən (sökən, məğlub edən adam olmuşdur. «Sökmen» igidlərə verilən bir sandır» savaşda sırayı söken, qıran kişi deməkdir [3, I, s. 444] .

«Divan»da man-men komponentli batman, sıkman, kurman, ketmen, közmen sözlərinə də rast gəlmək olur. Ketmen-yeri qazmaq üçün istifadə olunan alət; közmen- közdə bişirilən çörək; kurman-oxun düşdüyü yer, sıkman- üzümün sıxılması zamanı işlənən söz; batman- bir batman ət mənalarında ilənmişdir [3, I, s. 444] .

Taman - Kaşğarın ortasında bir dərə adı [3, I, s.402] .

Man - komponenti etnonimlərin tərkibində də işlənmişdir. Türkmən sözündəki – men insan mənasındadır. «Divan»da oxuyuruq: «Türk kəlməsi həm müfrət, həm cəmi olaraq istifadə olunur. «Sən kimsin» anlamını alan «kim sen?» sualının qarşılığı olaraq «Türkmen» deyə cavab verilir, yəni, «ben türküm» deməkdir [3, I, s. 363] .

Ümumiyyətlə, Azərbaycanda etnotoponimlərin müəyyən hissəsinin tərkibində man elementinə rast gəlmək olur. Amma bu elementin qoşulduğu adlarının-arxaizmlərin bəzilərinin etimologiyasını müəyyənləşdirək çətin olur. Məs.: Qaraman, Qodman, Xotman, Hacıman, Çeşman, Dilman və s. [5, s.156, 160] .

Özbəkstanın etnoantroponimlərinin tərkibində man komponentinin işləndiyi faktlar tədqiqatlarda qeyd olunur: Manğit, Manğitoy, Turkmanboy və s. [2, s.92-93] .

Beləliklə, man komponentinin ad yaradıcılığındakı rolunu qismən də olsa, müəyyənləşdirə bildik. Aparılmış araşdırmalar da göstərir ki, man komponentli sözlərin mənası heç də yekcins deyil. Bu morfem qoşulduğu sözlərin tərkibində müxtəlif məna incəliklərini yaradır. Ona görə də Mahmud Kaşğarlının «Divan»ındakı man komponentli adlar müxtəlif mülahizələrə söykənərək izah olunur. Bizim fikrimizcə, Manqışlaq, Mangüz, Mankənd toponimlərinin tərkib hissəsini təşkil edən man heyvandarlıqla bağlı olan ərazilərin adlarıdır.

ƏDƏBİYYAT

1. Атаниязов. Еще раз об етимологии слова «Мангышлаг»\\ «Памятники Туркменистана», 1974, № 1
2. Beqmatov G.A. Gtnoantroponimı Uzbekov.\\ Azərbaycan onomastikası problemlərinə dair konfransın materialları. Bakeı, 1986, s.92-93.
3. Divanü luğat-it-türk tercümesi. I (II, III, IV) Çeviren: Besim Atalay. Türk Tarih Kurumu Basımevi, Ankara, 1985.
4. Еремеев Д.Е. К семантике тюркской этнонимии.\\ Этнонимы. М.: Наука, 1970.
5. Əhmədov T. Azərbaycan toponimikasının əsasları, Bakı, 1991, s.278
6. Həsənov Q.M. Man morfeminin derivatları.\\ Azərbaycan dili morfologiyasının aktual məsələləri. Azərbaycan Dövlət Universiteti, Bakı, 1987, s.14 ( s.14-18).
7. Xasiyev Zirəddin. Azərbaycan dili dialekt və şivələrinin qərb qrupunda heyvandarlıq terminləri. Bakı, 2004, s. 45, 50, 125
8. Койчубаев Е. Краткий тольковый словарь топонимов Казахстана. Алма-Ата, 1974; Ябдирахманов А. Топонимика жяне этимология. Алматы, 1975.
9. Махпиров В. Имена древних предков. Алма-Ата, 1997, с. 95
10. Мусабаев Ф. Мангыстау сюзинин семантикасы\\ Известия АН Казахской ССР, 1946, вып.4 (29).
11. Никонов В.А. Краткий топонимический словарь. М.: 1966.
12. Вамбери. Путешествие по Средней Азии. СПб., 1865.
13. Zərinəzadə N. Fars dilində Azərbaycan sözləri. Bakı, 1962, s.329

Kazımov Cahid İsmayıl oğlu
MAHMUD KAŞĞARLININ «DİVANÜ LUĞAT-İT-TÜRK» ƏSƏRİNDƏ MANQIŞLAĞ,
MANKƏND VƏ MANGÜZ TOPONİMLƏRİ
XÜLASƏ

Mahmud Kaşğarlının «Divan»ında man morfemli Manqışlaq, Manküz, Mankənd toponimlərinə rast gəlmək olur. Bu toponimlərin tərkibindəki man «qoyun», «qoç» mənasını daşıyır. Bunlar oğuzların yer adlarıdır. Mankənd vaxtilə Kaşğar yaxınlığında olmuş, indi isə dağılmış şəhərin adıdır. Məruzədə bu üç toponimin semantikası aydınlaşdırılır, indiyə kimi bu adların etimologiyası haqqında deyilmiş hipotezalara (Manqışlaq - dəniz yırtıcılarının olduğu yer (E.Koyçuyev); min qışlaq (Vamberi); menklərin qışlağı (V.Nikonov); möhkəmləndirilmiş, istehkam şəklinə salınmış kənd (S.Ataniyazov) və s. münasibət bildirilir. Dil faktlar güman etməyə əsas verir ki, tərkibində man morfemi olan toponimlər vaxtilə qoyunçuluqla bağlı olmuş yerlərin adını bildirir. Bu baxımdan Azərbaycanda Azman, Dizman, Qozman, Arçman, Kəsəmən, Dilman, Meyniman, Piratman, Xotman, Hacman və s. kənd adları ca xarakterik sayıla bilər.

Кязимов Джахид Исмаил оглу
Топонимы Мангышлака, Макенда, и Мангуза в словаре Махмуда Кашкайского
«Дивани люгет- ит-тюрк»
ПРИМЕЧАНИЕ

В работе «Дивани» Махмуда Кашкайского можно встретить такие мановые морфологизмы в топонимах Мангышлак, Макенд, и Мангуз. В составе этих топонимов частица «ман» имеет значение «овцы» и «теленка». Это название мест проживание огузов.
Манкенд в свое время распологался в близи Кашгара, а ныне явлется разрушенным городом. В лекции раскрывается семантика этих трех топонимов, и дается анализ гепотиз по поводу их этимологических названий (Мангышлак- место морских разбойников Е. Койчуева), мин гышлак (Вамбери), гышлак менков (В.Никонов), укрепленное поселение (С. Атаниязов). Языковые факторы дают основания предпологать, что морфемы «ман» в этих топонимах относится к местам где тюрки занимались овцеводством. С этой точки зрения такие села Азербайджана как Азман, Дизман, Гозман,
Арчман, Кесемен, Дильман, Пиратман, Мейниман, Хотман, Хаджман и др. носят такой характер.

Jahid Ismayil Kazimov
TOPONYMS MANQISHLAGH AND MANKEND IN “DIVANI LUGATIT TURK”
BY MAHMUD KASHGARI
ABSTRACT

One can encounter with the toponyms Mangishlagh, Mankuz, Mankend having the morpheme man in Mahmud Kashgari's Divani Lugatit Turk. They are the names of the places in Oghuz turks. The morpheme man means “sheep”. Mankend is the name of the city which was situated near Kashgar and now destroyed. This lecture deals with the semantics of these three toponyms. The hypothesis given about the etymology of these toponyms is considered as well: Manqishlagh- place of sea predators (E. Koychuyev); min qişlaq (Vamberi); menklerin qishlaghi (V.Nikonov); fortified village (S.Ataniyazov) etc.
The language facts prove the toponyms which have the morpheme man to be the names of the places connected with sheep-breeding. From this point of view, we may name the names of the villages: Azman, Dizman, Qozman, Archman, Kesemen, Dilman, Meyniman, Piratman, Khotman, Hacman etc. in Azerbaijan as well.

 



Biblioqrafik göstəricilər
1. Azərbaycan dilində
2. Türk dilində
3. Özbək dilində
4. Uyğur dilində
5. Qazax dilində
6. Türkmən dilində
7. Tatar dilində
8. Başqırd dilində
9. Tacik dilində
10. Fars dilində
11. Çin dilində
12. Yapon dilində
13. Rus dilində
14. İngilis dilində
15. Alman dilində
16. Fransız dilində
17. İtalyan dilində
18. Macar dilində

 



© 2007 WebStudio.AZ
Copyright © 2009 Cahid İsmayıloğlu / www.cahidismayiloglu.com; www.ismayiloglu.com; www.cahid.info.