|
CAHİD KAZIMOV,
AMEA, Nəsimi adına Dilçilik İnstitutunun aspirantı
MAHMUD KAŞĞARLINININ
«DİVAN»
INDAKI TOPONİMLƏRİN
AZƏRBAYCAN ƏRAZİSİNDƏ
İZLƏRİ
Onomastika – Elmi-onomastik jurnal, № 1-2, Bakı, 2008, s. 154-161.
Tarixi toponimlərin taleyi qəribədir. Onların
bir hissəsi tarixi inkişafın gedişində itib-batır, bəziləri
isə zəmanəmizə qədər müasirləri ilə «yol yoldaşı» olur. Belə
taleli ərazi adları böyük türkoloq Mahmud Kaşğarlının lüğətindəki
toponimlərə də aid edilə bilər. Həmin adları bizdən on əsr
ayırır. Bu ayrılmağa baxmayaraq, bu onomastik vahidlərin adların
öz izlərini Azərbaycan ərazisində də qoruyub saxlaya bilmişdir.
S.M.Mollazadə «Azərbaycan dilinin yazılı
abidələri və Azərbaycan toponimləri» adlı məqaləsində Bayandur,
Qıpçaq, Türkmən, Xəzər və digər tayfa adlarının respublikamızda
hazırda yaşayış məntəqələrinin adı kimi işləndiyini göstərmişdir
(8, s. 112- 115).
Tarixi keçmişimizlə indimiz arasında bir
körpü yaradan toponimlərinin bəzilərinin üzərində dayanaq:
Kayı. Oğuzların kayı (qayı)
tayfasının adı. Qayılı adının fonetik dəyişikliyə uğramış
formasıdır. Mənbələrdə (Mahmud Kaşğarlı, Fəzlullah Rəşidəddin
və b.) görə, oğuz tayfaları sağ və sol qollara bölünürdü.
Kayılar sağ qolun əsas tayfası hesab olunurdular. Qafqaz ərazisindəki
bu tipli toponimlər (yəni Qayalı-Bərdə rayonunda kənd. Qarabağ
düzündədir. Toponimin Azərbaycan dilindəki qaya sözünün birbaşa
mənası ilə heç bir əlaqəsi yoxdur. Oykonim oğuzların kayı
tayfasının adı ilə əlaqədardır). Kayı adı öz izini Qubadlı
rayonunda bir kəndin adında da saxlamışdır (1, s.115).
Xalac. Xələc- Xızı rayonunda
kənd. Böyük Qafqaz dağlarının yamacındadır. Xələclər Səlcuq
oğuz tayfa birliyinə daxil idi. Yaxın Şərqin işğallarında
(12-18 əsrlər) iştirak etmiş xələclərin bir hissəsi indi də
İranda və Türkmənistan ərazisində yaşayır. 19 əsrdə xələclər
Cavad qəzasında maldarlıqla məşğul idilər.
Xələc- Qubadlı rayonunda
kənd. Bərgüşad çayının sahilində, dağlı ərazidədir. Səlcuq
oğuzlarının xələc tayfasının adını əks etdirir.
Xələc- Dəvəçi rayonu ərazisində
çay. Ataçayın qolu. Çayın adı Səlcuq oğuzlarının xələc tayfasının
adındandır. Bəzi ədəbiyyatlarda Xalanı, Xələncə yazılış formalarına
da rast gəlinir.
Xələc- Salyan rayonunda
kənd. Cənubi-Şərqi Şirvan düzündədir. Əvvəllər iki müstəqil
kəndlərdən-Aşağı Xələc (1965 ci ildən Yenikənd) və Yuxarı
Xələc (1965-ci ildən Xələc) ibarət idi. Mənbələrə görə, kəndin
əhalisi 18 əsrin 20-ci illərində Şamaxıdan gəlmələrdir. Əvvəllər
köçəri həyat sürmüş, yazı Zəngəzurda, Üçtəpə yaylaqlarında,
qışı Mil və Muğan düzlərində keçirmişlər.
Xələc- Şərur rayonunda
(Nax.MR) kənd. Arazboyu düzənlikdir.
Xələc- Ucar rayonunda kən.
Şirvan düzündədir (2, s.500).
Mahmud Kaşğarlının «Divan»ındakı Beqdeli
tayfasının adı Azərbaycanın Yevlax və Salyan rayonlarındakı
kənd adlarında qalmışdır. Yevlax rayonundakı kənd Kürsahili
düzənlikdədir. Toponim özündə Səlcuq oğuzlarının bəkdili (bəydili)
tayfasının adını əks etdirir. Bəkdililər 11-12 əsrlərdə oğuzların
tərkibində Səlcuq yürüşlərində fəal iştirak etmişlər. 16 əsrddən
Səfəvilər dövlətinin siyasi həyatında mühüm rol oynamışlar.
17 əsrdə şahsevən tayfa ittifaqına daxil idilər. Bir qismi
18 əsrin sonu-19 əsrin əvvəllərində şahsevənlərin sarıxanbəyli
qolunun 600 çadırdan ibarət tayfasını təşkil edirdi.
Salyan rayonunda yerləşən Bəydilli Bala Kür
çayının sahilindədir. Tam adı Puta Bəydili («Puta yaxınlığında
yaşayan bəydililər» mənasında) (2, s. 77).
Bundan əlavə, Cəbrayıl rayonunun Soltanlı
kəndi yaxınlığında Bəydili düzü deyilən böyük bir ərazi də
vardır.
Oğuz tayfasının adı Azərbaycanda
Oğuz rayonunda və onun bir kəndində- Oğuzqışlaqda öz izini
saxlamışdır. Oğuz-şəhər, eyniadlı rayonun mərkəzi. Baş Qafqaz
silsiləsinin ətəyindədir. Oğuz toponimi qədim tayfa birliyinin
adı ilə bağlıdır. Orxon-Yenisey abidələrində Oğuz budun kimi
adları çəkilir. Mahmud Kaşğarlı oğuzların 22, Rəşidəddin 24
tayfadan ibarət və Oğuz xan nəslindən olduğunu göstərirlər.
Oğuz tayfaları bozok və uçok adı ilə iki qrupa bölünürdü.
9 əsrin sonu- 10 əsrin əvvəllərində oğuzların əsas hissəsi
Sırdəryanın orta və aşağı axarı və Emba ilə Ural çayları arasındakı
bozqırlarda şimaldı Volqaya, hətta Dona qədər, cənubda Manqışlağa,
qərbdə isə Xəzər dənizinə kimi geniş ərazidə yaşayırdı. 10
əsrdə bu ərazidə Oğuz dövləti yaranmışdı. Onun mərkəzi şəhəri
Yengikənd idi. Oğuzların Cənd, Sabran, Sütkənd, Atlıx, Şalcı,
Ordu və Balac şəhərləri də olmuşdur. Arxeoloqlar son zamanlara
qədər köçəri sayılan oğuzların, həm də balıqçılıq və əkinçiliklə
məşğul olub, oturaq həyat keçirdiklərini də sübut etmişlər.
Xəzər, bulqar və islam dövlətləri arasındakı
karvan yolu üstündə yaşayan oğuzlar həmin dövlətlərlə ticarətdə
fəal rol oynamışlar. 10 əsr mənbələrində Sabranın bol nemətli
bir şəhər və oğuz tacirlərinin oturağı olduğu göstərilir.
Oğuzlar 10 əsrdə kütləvi şəkildə islam dinini qəbul etmişdilər.
11 əsrin əvvəllərində oğuzların bir qismi Səlçuqların başçılığı
ilə Xorasan tərəfdən Yaxın Şərq ölkələrinə (iran, İraq, Azərb
və Anadoluya), digər hissəsi isə Aral gölü və Xəzər dənizinin
şimalından Şərqi Avropaya yayılmışdır. Rus salnəmələrində
uz, bout, tork adlanan bu etnik qruplara 10 əsrin axırlarında
peçeneqler, xəzərlər, Volqaboyu bulqarları ilə döyüşən Kiyev
knyazlarının mütəfiqləri sırasında rast gəlinir. 11 əsrin
30-40-cı illərində Azərbaycana gəlmiş oğuz tayfaları burada
hələ çox-çox əvvəllər məskunlaşmış digər türk tayfaları ilə
qaynayıb-qarışmış və Azərbaycan xalqının formalaşmasında fəal
iştirak etmişlər. Oğuzlar türkmənlərin, türklərin, habelə
qaqauz və qaraqalpaqların etnogenezində də mühüm rol oynamışlar
(2, s. 393).
Kənd Alazan-Əyriçay çökəkliyindədir. Keçmiş
adı Vartaşenqışlaqdır. Kollektivləşmədən sonra qışlaq yaşayış
məntəqəsinə çevrilmişdir. Əvvəllər Aşağı Vartaşen də adlanmışdır.
Toponim «oğuzların qışlağı» mənasındadır.
Çepni - 22 oğuz boylarından
biri (MK, I, 58). «Divan»dan alınan bilgilərə görə Çəpni oğuz
boylarından 21-cidir. F. Rəşəddin məlumat verir ki, Çəpni
iç oğuz nəslindən olub, Göy xanın adı İrkil Xoca tərəfindən
verilən və damğası (onqonu) Ağ Sunqur quşu olan olan 4-cü
oğludur. Bu tayfa xarakter etibarı ilə düşmənlə qətiyyətli
vuruşan kimi təsvir olunur (10, s. 66).
Çəpnilərin bizim ərazilərə Orta Asiyadan səlcuq türklərinin
tərkibində gəldiyi, Xorəzmşah Cəlaləddinin 12211231-ci il
hərbi yürüşlərində fəal iştirakı qaynaqlarda göstərilir (12,
s. 161- 162).
Öz izlərini Gəlbəcər rayonunda bir kəndin
adında saxlamışdır. Kəndin adı Çəpli şəklindədir. Lev çayının
sahilində, dağlıq ərazidə yerləşir. Bəzi tədqiqatçılara görə,
toponim oğuz tayfalarından çəpnilərin (cəbni) adı ilə bağlıdır.
Şamaxı rayonunda da bu etnonimlə əlaqədar Cabanı adlı kənd
vardır. Cabanı Şamaxının dağətəyi ərazisində yerləşir. Toponim
özündə türkdilli qədim çəbni (variantları çəbən, çibni, çəpni,
çəbni, çapanim vəç s.) tayfasının adını əks etdirir.
Qıaçaq etnonimi Qax rayonunda həm kənd, həm
də çay adı kimi qorunmuşdur.
Bu etnonimin izləri müxtəlif fonetik görüntülərdə
Azərbaycanın bir çox bölgələrində qorunub saxlana bilmişdir:
Cabanı (Şamaxı), Çəpni (Göyçay), Çepni (Quba qəzasının Şabran
mahalında), Çəpli (Kəlbəcər).
«Çəpni» tayfaları tarixi məlumatlara görə
dalaşqan, sözləri və işləri çəp gələn (çəpləşən) tayfalardan
olduğu üçün belə adlandırılmışdır. Ə.Rüstəmov Qafan rayonu
ərazisində bu adda bir Azərbaycan kəndinin də olduğunu və
həmin mənanı göstərdiyi üçün biz də onun fikrini yuxarıda
göstərdiyimiz kimi müdafiyə edirik (11, s. 56).
Salğur tayfasının adı Azərbaycanda
Salyan şəhərinin adında izini saxlamışdır.
Eymur tayfasının adı Azərbaycanda
Emir (Gədəbəy rayonunda kənd) adına qalmışdır.
Avşar tayfa adı ilə bağlı
yer adları: Abşeron yarımadasının adında qalmışdır.
Bayat tayfası. Mahmud Kaşğarlı
«Divan»da göstərir ki, bayat arğu dilində «Ulu tanrı» deməkdir.
«Bayat»ın (boyat-C.K.) köhnə məna kəsb etdiyi də göstərilir
(Türkcə-rusca sözlük, 1977, s. 103). Bundan başqa, «bayat»
sözünün «varlı» (Əbülqazi Bahadur xan), «xoşbəxt», «mərhəmətli»
(Rəşidəddin, 1987, s. 64), bayılmaq –felindən əmələ gəlmiş
isim, «əfsunkar», «sehirləqmək» (Baskakov, 1985, s. 143; çağatayca)
və s.
Bayandur tayfası. 22 oğuz
bölüyündən biri (MK, I, 56).
Bayandur- Laçın rayonu ərazisində çay. Zabux
çayının qolu. Bu ad Tərtər rayonunda bir kəndə də verilmişdir.
Qarabağ düzündədir. Yaşayış məntəqəsi Latın rayonundakı keçmiş
Bayandur kəndindən gəlmiş ailələrin məskunlaşması nəticəsində
yaranmışdır. Çayın adı türkdilli bayandur (oğuz tayfalarından
biri) tayfasının adı ilə əlaqədardır. Bayandurlar orta əsrlərdə
Ön Asiyanın və Cənubi Qafqazın siyasi həyatında fəal iştirak
etmişlər. Dədə Qorqud dastanlarında da bayandurlar tərənnüm
olunur (2, s. 63).
Tervənit yaylağındakı Bayandur bulağının
adı Bayandur tayfa adına uyğundur. Ağqoyunlu tayfalarından
olan bayandurların VI əsrin sonu VII əsrin əvvəllərində Qarabağa,
Göyçə gölü ətrafındakı rayonlarda, Alagöz yaylaqlarında yaşadıqları
elmi ədəbiyyatda qeyd olunur. Bərdə rayonunda da Bayandur
kəndi vardır (7, s. 6; 13, s. 28).
Gəncək. Mahmud Kaşğarlının
əsərindəki bilgilərə əsasən Gəncək türk qəbilələrindən birinin
adıdır, Talas ətrafı şəhərin adıdır. Prof. Roza xanım Eyvazovanın
tədqiqatlarına görə Əfqanıstanın Kirişk ərazisində Gəncək
coğrafi adı qeydə plınmışdır. R.Eyvazova məlumat verir ki,
qıpçaq qrupu dillərindən fərqli olaraqş oğuz qrupu türk dillərində
bir çox hallarda söz sonundakı –k,- q səsləri duşur və söz
əvvəlində kar samitlərin cingiltiləşməsi meyli güclənir. Bu
hal ən çox Azərbaycan dili üçün səciyyəvidir. Belə ki, Gəncə
sözü tarixən Gəncək sözü ilə bağlıdır.
Azərbaycan ərazisində Gəncə toponiminin müxtəlif
variantlarda arealları mövcuddur; Gəncə (Xanlar), Gəncə (İsmayıllı),
Gəncəli (Salyan və Xaçmaz), Gəncə (Ordubad), Muğan Gəncəli
(Sabirabad) (6, s. 72).
Q. Məşədiyev əvvəlcə bu
şəhərin tarixini, sonra Mahmud Kaşğarlıdakı Gencek tayfalarını
və müasir Gəncəni qarşılaşdırır. Müəllif yazır ki, Gəncə adının
tam izahı indiyə qədər düzgün verilməmişdir. Bu izahlarda
iki istiqamət diqqəti cəlb edir: birinci istiqamət onu Azərbaycan
mənşəli hesab edir, digəri isə başqa dillərlə (konkret olaraq
fars dili ilə-CK) əlaqələndirir. Bir cəhəti də qeyd etmək
lazımdır ki, Gəncə adının fars sözü kimi şərhində onun təkcə
mənasının, Azərbaycan dili sözü kimi şərhində isə onun həm
qəbilə, həm də tayfa adına münasibətinin açılmasına cəh göstərilir
(9, s. 67).
Q.Məşədiyevin araşdırmalarına görə Amur vilayətindəəki
Qonja, Dağıstandakı Xundax, Gürcüstandakı Qandzani, Taciksistandakı
Qançi, Ermənistandakı Xanatsax adları Gəncək toponimi ilə
əlaqədardır.
Qıfçaq. M.Kaşğarlı türk
boylarından bu ad altında 2-ci sırada danışır. Məlum olur
ki, qıfçaqlar Bizans-Rum ölkəsinə yaxın bir ərazidə məskunlaşmışdar.
Əsərin başqa bir yerində Qıfçağın türklərdən bir bölük və
Kaşğar ətrafında bir yer adı olduğunu da qeyd edir. R.Eyvazova
yazır ki, ayrı-ayrı tədqiqatçılar tərəfindən çox müxtəlif
şəkildə səciyyələndirilən (sərt, amansız, uğursuz, bədbəxt,
möhkəm və s.) qıpçaq etğnonimi çox geniş areallara yayılmışdır.
Bu ad nəinki Mərkəzi və Orta Asiyada, hətta Şərqi Avropada
türk xalqları arasında özünü göstərir. Qıpçaqlar türk dilləri
arasında ən böyük etnik dil qruplarından birini təşkil edirlər.
Qıpçaq etnoniminə hələ yeni eradan əvvəl I minillikdə Mərkəzi
Asiya tarixi salnamələrində rast gəlinsmişdir (6,
s. 73).
Əfşar. Əfşar etnoniminin
Avşar variantına Rəşidəddin, Yazıçıoğlu Əli və Əbülqazi xan
Xivəlinin əsərlərində təsadüf edilir. R.Eyvazova Avşar adının
«ov həvəskarı» mənasını daşıdığını göstərir (6, s.
71).
Tədqiqatlarda Cəbrayıl ərazisində olan Hovuslu
kəndinin adını Afşarlarla əlaqələndirilməsi fikri ilə razılaşmaq
olmaz (14, s. 95- 96). Çünki «hovus» sözü
«dairə, çevrə» mənasında dialektlərə işlənir. Bu kənd də yerli
camaatın dediyinə görə bir çevrə ətrafında salınmışdır. Yerli
relyeflə əlaqədardır.
Kanğlı şəxs adı. «Divan»dakı
bu şəxs adı kanq tayfasının adı ilə bağlıdır. Bu tayfanın
izlərinə çox ərazilərdə rast gəlmək olur. Azərbaycanda məşhur
kəngərlilər bu tayfanın adını zaman-zaman qoruyub saxlaya
bilmişlər. Toponimik lüğətlərlə tanışlıq göstərir ki, XX əsrin
əvvəllərində kanğlı tayfaları ilə bağlı ərazi adları Azərbaycanda
çox olmuşdur. Azərbaycanda məskun olmuş ayrı-ayrı tayfalar
barədə də ətraflı məlumat verən Azərbaycan alimi M. Baharlı
«Azərbaycan» adlı əsərində kəngərlilərə də ayrıca yer vermiş,
onların xalqımızın etnogenezində fəal iştirakını göstərmiş,
ərazimizdə kəngərli adını qoruyub saxlayan qəza kəndlərinin
adını çəkmişdir: Kənkərli kəndi (Göyçay), Kəngərli-Şirxan,
Qızıllı-Kəngərli, Salahlı-Kəngərli (Cavanşir eli), Kəngərli,
Kəngərli-Pir-Həsənli (Şuşada), Kəngərli (Naxçıvanda) və s.
Kənkər sözü bir soy adı kimi Azərbaycanda,
xüsusən Naxçıvanda XVIII əsrin ortalarından Kəngərli görünüşündə
işlənməkdədir. Kəngərli familiyası Naxçıvan MSSR-də indi də
qədim soy adını qorumaqdadır.
Altı min illik bir zaman içində kəngərlilər
çox güman ki, Azərbaycandan yayılmışlar. Bizim eradan əvvəl
IV-III minilliklərdə şumerlərin, III-I əsrlərdə Böyük Hun
imperatorluğunun, bizim eranın I-V əsrlərində Şərqi və Qərbi
Hun, VI-VIII əsrlərində Göy türk, IX-XI əsrlərdə Qaraxanlı
və Xilafət, XI-XIII əsrlərdə Səlcuq, XIII-XIV əsrlərdə Osmanlı,
Qaraqoyunlu, Ağqoyunlu və Səfəvi kimi türk dövlətlərinin,
XVIII-XIX əsrlərdə isə Azərbaycan, xüsusən Naxçıvan xanlığının
tərkibində öz hərbiçi istedadları ilə seçilən kəngərlilər
bu dövlətlərin aparıcı etnoslarından olmuş və bir çox müasir
türkdilli xalqların etnogenezində iştirak etmişlər (3,
s. 89-91).
Qeyd edək ki, Cəbrayıldakı Qaraqanlı dağının
adı da kanqlı tayfasının adını özündə saxlamışdır.
Mahmud Kaşğarlının «Divan»ındakı «balıq»
komponentli toponimlərə Azərbaycan ərazilərində də rast gəlmək
olur. N.Əsgərov yazır ki, Azərbaycanda elə bulaq, arx vardır
ki, onların izahı dilimizin bir sıra qədim semantik xüsusiyyətlərini
aşkarlamağa imkan verir. Belə hidronimlərdən biri Qax rayonunu
ərazisindəki Ağa balıqlar bulağıdır. Bulağın
adındakı Ağa komponenti qismən aydındır. Ağa sözü ilə balıq
(rıba) sözü arasında heç bir məntiqi yaxınlıq yoxdur. Bəs,
balıq sözü nə ilə bağlıdır, necə izah edilə bilər? Bu cəhətdən
bir sıra toponimlərin tərkibindəki balıq leksemi haqqında
T.Əhmədovun gəldiyi nəticə maraqlıdır: «Qədim türk abidələrində
«şəhər», «qala divarları ilə əhatə olunmuş şəhər» şəhər mənasında
işlənmiş balik (balıq) sözü həm müstəqil şəkildə (elliptik
formada) İsmayıllı rayonunda kənd adı kimi (mənbələrin birinsində
kəndin adı Balıqyurd formasında qeydə alınmışdır), həm də
Tovuz royonu ərazisindəki Qarabalıq, Qutqaşen rayonu Dizaxlı
kənd ərazisindəki Balıq yeri, Quba rayonu Aydınkənd kəndi
ərazisindəki Balıqxaraba mikrotoponimlərinin tərkibində mühafizə
olunmuşdur. M.Kaşğarlı balik sözünün türklərin islamiyyəti
qəbul etməzdən çox-çox əvvəllər bu dildə «qala, şəhər» mənasında
işləndiyini qeyd etməsi faktı da onların ilkin və ən qədim
toponimlərdən olduğunu sübüt edir. Deyilənlərdən belə nəticəyə
gəlmək olar ki, bizim tədqiq etdiyimiz Ağa balıqlar bulağının
tərkibindəki balıq sözü, şübhəsiz, «şəhər, qala» mənasına
daha çox yaxındır. Ağa komponenti məhz balıq sözünü tamamlayır.
Ağa sözü isə qədim yazılı abidələrdə «böyük», «ulu», «tanrı»
mənasında mənasında işlənmişdir. Deməli, Ağa balıqlar hidroniminin
«böyük, müqəddəs şəhər» mənasına uyğun gələ bilməsi fikrini
irəli sürmək olar Ehtimal etmək olar ki, həmin bulaq böyük
bir şəhərin əhalisini su ilə təmin edə bildiyinə görə ona
belə ad verilmişdir (15, s. 211- 213).
Azərbaycan ərazisində
təkcə öz izlərini etnonim və toponimlər saxlamır, eyni zamanda
Mahmud Kaşğarlının lüğətindəki yvyla adları da bu baxımdan
istisna təşkil etmir. Məsələn, Turug - yayla
adı (MK, I, 374). Azərbaycanın indiki ərazisində (Bərdə ətrafı)
«Turu gədiyi» deyilən bir yer var. E. Əzizov
belə bir məlumat verir ki, bu coğrafi ad ən qədim türk dillərindəki
Turuğ sözü ilə bağlıdır. Turuğ- duracaq yeri, otlaq yeri deməkdir.
Turuğ sözü sonralar «ğ» samitini itirərək turu şəklini almışdır.
Turuğ lekseminin göstərilən mənası Turu gədiyinin coğrafi
mövqeyinə uyğundur. Bu aşırım iki dağ arasında olan düzənlikdən
ibarətdir. Keçmişdə mal-heyvanla buradan keçən adamlar həmin
aşırımdan duracaq, otlaq kimi istifadə etdiklərinə görə bu
yerə Turu gədiyi deyilmişdir. Turu gədiyi- «dayanacaq aşırımı,
duracaq yeri» deməkdir (13, s. 28).
Peçenek=
1) 22 oğuz boylarından biri; 2) Rum yaxınlığında oturan türklərdən
bir böluk. Digər varianda «Divan»da Beçenek
şəklindədir (MK, I. 28; 30; 57; 488; II, 48; 67). Bu etnonim
öz izlərini Biçənək formasında Naxçıvanın Şahbus rayonunda
bir kənd və aşırımın adında qoruyub saxlamışdır. «Biçənək
kəndi və Biçənək aşırımı məhz qədim türk tayfası olan peçeneklərin
adı ilə bağlıdır. Peçeneklərin Azərbaycan ərazilərinə gəlmələrini
ayrı-ayrı müəlliflər fərqli dövrlərlə əlaqələndirirlər. Tarixçi-toponimçi
Q.Qeybullayev peçeneklərin Pzərbaycan ərazisinə bizim eranın
I əsrində hunların, L.Hüseynzadəyə görə isə X əsrin sonlarında
qıpçaqların tərkibində gəlib çıxmışlar. Bu cəhətdən Q.Qeybullayevin
fikri düzgündür. Ona görə ki, qədim ərəb mənbələrində Naxçıvanın
Biçənək kəndi və aşırımının adlarına təsadüf edilməkdədir.
Etnonmlərin şərhində Mahmud Kaşğarlının özünəməxsus
fikri də əsas yer tutur. İzahda digər fikirlərə də yer ayrılır
ki, bu da dövrün toponimiyasının əsas xüsusiyyətlərindən hesab
edilə bilər. Məsələn, böyük toponimçi «Yemek» adından
bəhs edir. Yazır ki, bunlar türklərinin bir bölyüdür. Mahmud
Kaşğarlının hesab etdiyinə görçə bunlar qıpçaqların bir boyudur.
Halbuki qıpçaqlar özlərini ayrı bir bölük sayırlar (MK, III,
29).
«Divan»da Tanğ art tiz
adlı yayla adının art hissəsi (dağ yüksəkliyi,
keçid mənasında) Q.Qeybullayevin nöqteyi-nəzərincə Dağlıq
Qarabağın qədim adı olmuş Artsak toponimində öz izini saxlamışdır.
Alimin fikrincə, Artsak «sak keçidi, aşırımı» mənasındadır
(4, s. 169).
Tanğ art tiz yaylasının
adında olan art kəlməsi Salvartı (Şahbuz), Xamart (Quba),
Salvartı (Şəki) və s. dağ adlarında öz əksini tapmışdır (
5, s. 467).
Beləliklə, Mahmud Kaşğarlının lüğətindəki
toponimlərin bir çoxu öz izlərini respublikamızın ərazisindəki
kənd, qəsəbə və digər ərazi adlarında qoruyb saxlamışdır.
Bu cəhət toponimik vahidlərin inkişafda olan tarixini izləmək
baxımından çox dəyərlidir.Bundan əlavə, tayfa miqrasiyalarının
coğrafi koordinatlarını öyrənmək işində də bu izlərin mühüm
rolu vardır.
QAYNAQLAR
- Azərbaycan toponimləri. Ensiklopedik lüğət.
«Azərbaycan Ensiklopediyası» Nəşriyyat- Poliqrafiya Birliyi»,
1999, s.115 - (584 s.).
- AT, EL: Azərbaycan toponimləri. Ensiklopedik
lüğət. «Azərbaycan Ensiklopediyası» Nəşriyyat-Poliqrafiya
Birliyi, Bakı, 1999, s.500 - (584 s.).
- Qasımov A.M. Kəngərli və kəngərlilər. AOP
, Bakı , 1986, s . 89-91.
- Qeybullaev Q. Azərbaycan türklərinin təşəkkül
tarixindən. Bakı , Azərnəşr , 1994, s . 169.
- Qeybullaev Q. K gtnoqenezu azerbaydcanüev.
Baku, «Glm», 1991, s. 467 .
- Eyvazova R.H. Mahmud Kaşğarinin «Divani-luğət-it
türk» əsərindəki bir neçə etnonim və toponimlərin arealları.
Orta əsr əlyazmaları və Azərbaycan mədəniyyəti tarixi problemləri.
III Respublika elmi-nəzəri konfransın materialları. Bakı,
«Örnək» nəşriyyatı, 1992, s. 72 - (s. 70-73).
- Mahmudov Y. Öyrənilməmiş səhifələr. Bakı,
1972, s. 6.
- Mollazadə S.M. Azərbaycan dilinin yazılı
abidələri və Azərbaycan toponimləi. AOP ., Bakı , 1986,
s . 112- 115.
- Məşədiyev Q.İ. Zaqafqaziyanın Azərbaycan
toponimləri. Bakı , « Elm », 1990, s . 67 (148 s .).
- Raşid-ad-din F. Oquzname. Baku, «Glm», 1987,
s. 66
- Rüstəmov Ə. Ermənistan SSR ərazisində Azərbaycan
mənşəli toponimlər. Namizədlik dissertasiyası. Bakı, 1989,
s. 56.
- Şahbazlı F.Ş. Çəpni etnotoponimi. AOP, Bakı,
1990, s. 161- 162.
- Əzizov Elbrus. Söz xəzinəsi. «Maarif» nəşriyyatı,
Bakı, 1995, s. 28 - (127 s.).
- Əliyev V.F. Sisian rayonunda türk köklü
etnotoponimlər. AOP., Bakı, 1986, s. 95- 96
- Əsgərov N.Ə. Bəzi hidronimlərin leksik-semantik
xüsusiyyətləri. AOP, Bakı, 1986, s. 211- 213.
|
Summary
In the article we have concentrated on
some toponyms which create a bridge between our past and
present.
Most of toponyms mentioned in the dictionary of Mahmud Kashgarli
left traces in the names of different places, villages and
settlements located in our Republic. This aspect is very
important in the view of observing of our developing history
and toponymic units.
Резюме
В данной статье мы сосредоточились
на некоторых топонимах, играющих роль моста между нашим прошлым
и настоящим.
Большинство топонимов, упомянутых в словаре Махмуда Кашгарлы,
оставили свои следы в названиях различных мест, поселений
и деревень нашей республики. Данный аспект имеет чрезвычайную
важность с точки зрения изучения развивающейся истории и топонимических
единиц.
|
|