Baş səhifə Elmi iş Elmi məqalələr Ədəbiyyat Mətbuatdan Video Əlaqə
Cahid İsmayıloğlu













MÜNDƏRİCAT
Baş səhifə
Elmi iş
Məqalələr
Elmi məqalələr
Ədəbiyyat
Mətbuatdan
Rəylər
Video
Foto albom

 
| More

 

 

KAŞĞARİŞÜNASLIĞA QİYMƏTLİ TÖHFƏ

Cahid İsmayıloğlu. XI yüzilliyin tarixi onomastik leksikası (Mahmud Kaşğarlının «Divanü lüğat-it-türk» əsəri əsasında). Bakı: «Elm» nəşriyyatı, 2008, – 231 s.2008-ci ildə "Elm" nəşriyyatı Cahid İsmayıloğlunun "XI yüzilliyin tarixi-onomastik leksikası (Mahmud Kaşğarlının "Divanü-lüğat-it-türk" əsəri əsasında)" adlı monoqrafiyasını çapdan buraxıb. AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Elmi Şurasının qərarına əsasən çap olunan kitabın elmi redaktoru filologiya elmləri doktoru Məhəbbət Mirzəliyeva, rəyçiləri filologiya elmləri doktoru Roza Eyvazova və professor Qara Məşədiyevdir. Professor Qəzənfər Kazımov "Müəllifinə uğur gətirən əsər" adlı ön sözdə yazır ki, monoqrafiyada təkcə Kaşğari divanını yox, habelə qədim türk yazılı abidələrini, Oğuznamələri, Yusif Balasağunlunun "Kutadqu-bilik" əsərlərini də müəllif tədqiqat obyekti kimi götürüb. Qəzənfər müəllim kitabı "bütövlükdə faktların təhlili və etimoloji araşdırmalar üzərində qurulmuş əsər" (səh. 6) kimi səciyyələndirir.

Monoqrafiya Giriş, 2 fəsil, nəticə, ədəbiyyat siyahısından və bir də ki, "Divanü-lüğat-it-türk"dəki onomastik leksikanın lüğəti" adlı əlavədən ibarətdir.

Cahid İsmayıloğlu monoqrafiyanın Girişindəki ilk cümlələrdən bəhs etdiyi mövzuya belə aydınlıq gətirir: "Qədim türk onomastikası mürəkkəb, amma kifayət qədər dəqiq və mütəşəkkil bir sistem təşkil edir. Qədim türk onomastikası dedikdə, XIII yüzilliyə (Monqol hücumuna) qədərki lüğətlərdə və digər yazılı mənbələrdə öz əksini tapmış bütün xüsusi adların toplusu dərk edilməlidir" (s. 12).

Bu cümlələr müəllifin tədqiqat obyektində nələrin dayandığından ümumi bir xəbərdir. Mövzu ilə bağlı onlarla elmi-nəzəri mənbələrə baş vuran tədqiqatçı Qaraxanlılar dövrünə müraciət edir, coğrafi baxımdan qərbi və şərqi Qaraxanlıların olduğunu göstərib, qeyd edir ki, "Qərbi Qaraxanlılar dövlətinə ölkənin Mavəraünnəhr bölgəsi, Fərqanə vadisinin bir qismi, Zərəfşan çayı üzərindəki Buxara və Səmərqənd, Sır-Dəryanın orta axarında yerləşən Fərab (digər adı: Otrar), həmin çayın yuxarı axarındakı Əndican şəhərləri, Oş və onun şərqindəki Özkənd (Özçənd) daxil idi. Paytaxt əvvəlcə Özkənd, sonra Səmərqənd olmuş, birinci xaqan bu şəhərlərdə, ikinci xaqan isə Buxarada oturmuşdur.

Şərqi Qaraxanlılar dövlətinə Şaş, yaxud Çaç (sonrakı adı: Daşkənd), onun şərqində Talas, şimalında İsficab (Çimkənd), Yeddisu bölgəsi, Fərqanə vadisinin böyük bir qismi, Qaragölə tökülən Kaşğar çayı üzərindəki Ordu-Kənd, yaxud Kaşğar, onun cənubunda Yarkənd, İssık-Kulun qərbindən axan Çu çayının üzərində yerləşən Kuz-Ordu, yaxud Balasağun, onun yaxınlığındakı Qara-Ordu, Balxaş gölünə tökülən İli çayının sahilindəki Almalıq, cənub-şərqdə Cunqariya bozqırları, Alagöl, İrtış çayı, Təklə-Məkan səhrası, sərhədə yaxın Xotən şəhəri, Hindiquş və Qaraqorum dağları arasındakı Gilgit şəhəri daxil idi. Ölkənin əsas mərkəzi Kaşğar, ikinci mərkəzi gah Balasağun, gah da Talas idi. "Kutadğu bilig" və "Divan" yazılan dövrdə paytaxt Kaşğar idi".

Mövcud tarixi fakt və bilgilərə istinad edən Cahid İsmayıloğlu bu əsasda dilçilik görüşlərini inkişaf etdirir, XI əsrin tarixi-onomastik leksikasını ətraflı təhlilə cəlb edir, M.Kaşğari lüğətindən və s. mənbələrdən yetərincə faydalanır. Eyni zamanda müəllif Mahmud Kaşğarlının hazırladığı və "Divan"a daxil etdiyi xəritənin əhəmiyyətindən bəhs açır:

"Divan"da verilmiş dünya xəritəsi ərazi toponimlərini əks etdirdiyi üçün böyük əhəmiyyətə malikdir. Bu, ilk türk xəritəsi və orta əsrlərin ən dəqiq xəritələrindən biridir" (s. 19).

Daha sonra "xəritədə adı "Ərzi-Azərbadqan" kimi çəkilən Azərbaycanın coğrafi mövqeyi və qonşu sərhədlərin də öz əksini tapdığını" da qeyd edir. "Divan"dakı coğrafi məlumatlarla o dövrün ərəb və İran mənbələrinin də uyğunluq təşkil etdiyini göstərən müəllif bir daha bu məlumatların digər faktlar və sənədlər tərəfindən də təsdiqləndiyini - mötəbərliliyini demək istəmişdir.

Tədqiqatçı balık, oba, yazı, yurt, yış, yar, kaş və s. kimi ilk coğrafi apelyativlərin o dövrlərdən təşəkkül tapdığından danışır, "daha sonralar Göytürk dövlətinin yerini alan uyğur xanlığında Türk yer adları sisteminin formalaşdığını" göstərir. "Balık" sözünə münasibətdə isə yazır ki, "VII əsrdən etibarən türk dövlət və mədəniyyət işləri içərisində yer tutmuş, yerinə və qavranmasına görə xüsusi məna qazanmışdır. Bu söz (balık) dövlət idarələrində rəsmən "şəhər, qala" mənasında istifadə olunduğu halda, XI əsr Arğularında (arğu dilində) "çamur, balçık (palçıq) anlamında işlənmişdir. Eyni rəmzi söz köçəri türk dairələrində yurd sözü ilə dəyişdirilmişdir" (s. 20-21).

Onomastik vahidlərin toponimik vahidlərə çevrilməsi prosesinə də burda toxunulmuşdur: "Bəzi kişi və qadın adları digər obyektlərin adlarına da verilmişdir. Ümumiyyətlə, eyni adın müxtəlif obyektlərə verilməsi o dövrün toponimik vahidləri üçün başlıca xüsusiyyətdir. Məsələn, alimin sözlüyə aldığı Ayas kölə qadın adı daha sonrakı yüzilliklərdə Xarəzm bölgəsindəki bir qalaya da verilmişdir" (s. 21).

Elə burdaca yuxarıdakı fikirlərə bir münasibət bildirim ki, bu cür proses ta qədimdən əzəli-əbədi qanunauyğunluqdur; yəni toponimik səciyyəli sözlərin əksəri onomastik vahidlərdən törəmədir, çünki ta əski çağlardan insanlar özlərinə yurd etdikləri yerləri qarışbaqarış gəzmiş, orada özlərinin izlərini qoymuş, bu izləri əbədiləşdirmək - müəyyənləşdirmək məqsədilə söz naxışı - ad yaddaşı (toponimik möhür) vurmuşlar. Bir sözlə, toponimlər havadan (havayı yerdən) törəmirlər, onları yaradan da, yaşadan da xalqdır (insandır) və toponimlər də bilavasitə xalqın (dar çərçivədə - insanın, hər hansı şəxsin) əməllərini - izlərini özlüklərində daşıyır - yaşadırlar.

Cahidin Çaç (Daşkənd), habelə Kaşğar (Ordu-kənd) və s. bu kimi adlara münasibətində də dəyərli bilgilər üzə çıxır: "Çaç müasir Daşkəndin ən qədim adıdır. Dillərində "ç" çəsi olmadığına görə ərəblər onu "Şaş" şəklində yazmışlar. "Şaşkənd" sonralar "Daşkənd"ə çevrilmişdir. Şəhərin adını çin qaynaqları "Çö-Çi", "Çö-Şi", yaxud sadəcə "Şi" şəklində transkripsiya etmişlər ki, bu da çincə "daş" deməkdir" (səh. 21-22).

"Bənidaş şəhrinin sirri" adlı nağıl (yəni "Daş insanın şəhəri"), yaxud insanların daşa çevrilmələrindən bəhs edən mif, əfsanə, rəvayət və nağıllar bu məqamda nəzərdə canlanır. Necə olub ki, xalq elə əski dönəmlərdə belə hətta özlərinin mərkəzi şəhərlərinə - baş kəndinə Daşkənd (daş kənd - daş şəhər) adı verib yaşadıb? Yaxud hazırda respublikamızdakı Daşkəsən rayonu, ya da Cəbrayıl rayonundakı eyniadlı Daşkəsən kəndi (eləcə də Daşbaşı kəndinin adındakı "daş" sözü və s.) niyə "daş" sözü ilə bağlanıb? Bəlkə insanların daş şəhəri adlandırdıqları mifik məkan, yaxud tilsim vasitəsilə daşa döndərilmiş - daşlaşmış insanların məskəni elə bu yerlər, bu yurdlar, bu ərazilərdir?!. Əlbəttə ki, bunlar başqa bir söhbətin mövzusu olduğundan, başqa bir yazımla bunlara münasibət bildirəcəyəm!..

Tədqiqatçının Kaşğarın tarixi və adı ilə bağlı fikirləri də diqqəti çəkir:

"Kaşğarın tarixi adı Ordu - kənddir. Bu ad onun paytaxt olmasına işarədir. Qədim Çin mənbələrində şəhərin adı Solek və ya Sorak, çincə transkripsiyası Su-Lek, çincə bugünkü adı Sufu, transkripsiyası isə Ku-şa və ya Ka-şadır. İndiki Kaşğar Atadağdan axan Qızılsu çayının qolu olan Tümənin sağ sahilində yerləşir. Əsski Kaşğar isə bir qədər uzaqdakı təpə üzərində salınmış, qala divarları ilə əhatə edilmişdir. Qədim Kaşğarın xarabalıqları hələ də qalır. Mühüm karvan yollarının qovşağında yerləşən bu şəhərin tarixi b.e.ə. 76-cı ildən başlanır" (səh. 22).

Tədqiqatçı Cahid İsmayıloğlu "Hicrətin 466-cı ilində (1072-3) yazılmış "Divanü-lüğat-it-türk" əsəri türk dili xəzinələrini qoynunda daşıyan qədim əsərlərimizin ən qiymətlilərindən biridir. Əsər Kaşğarlı Mahmudun Qaraxanlılar zamanında yazdığı Türkcə-Ərəbcə bir sözlükdür" (s. 26) deyərək kitabın təkcə dilçilik üçün yox, folklorşünaslıq, etnoqrafiya və s. üçün də mühüm dəyər daşıdığını vurğulayır. Lakin əsərin "Ərəbə türk dilini öyrətmək üçün bir filoloq" dərsi olduğunu qeyd etməklə, "Mahmud Kaşğarlı "Ərdəmin başı dildir" demişdir" (s. 29) cümləsini işlədir ki, bununla da sanki monoqrafiyanın dilçilik aspektindən tədqiqata cəlb olunduğunu oxucusunun diqqətinə çatdırır.

Giriş hissəsi ənənəvilikdən bir qədər kənara çıxan monoqrafiyada "Mahmud Kaşğarlı və tarixi onomastika məsələləri" adlanan birinci yarımbənddə Cahid Kazımov mövzunun obyekti, predmeti, qarşıya qoyduğu məsələlərlə bağlı ümumi icmal daşıyan məzmunda çıxış edirsə, "Divan"dakı onomastik leksikanın tədqiqində informasiya texnologiyalarının rolu" adlı 2-ci yarımbənddə isə fikirlərini belə tezisləşdirir:

"İnternetdə toponimin 4 xüsusiyyəti verilir: 1) qrafik, 2) struktur, 3) semantik, 4) coğrafi.

Toponimin qrafik əlaməti zəncirvari simvollardan, hərflərdən ibarət olub, sözün səs cildinə uyğun gəlir. Bu əlamət eynitipli fonetik quruluşda olur.

Toponimin struktur əlaməti onun tipoloji sistemi ilə təyin olunur. Toponimin quruluşu isə dildaxili faktorlarla əlaqədardır.

Toponimin semantik əlaməti leksik mənalar əsasında meydana çıxır. Toponimin semantikası ekstralinqvistik faktorlarla bağlıdır. Toponimin semantikasına əhatə olunan mühit (landşaft; onun bitki və heyvanat aləmi), insanların təsərrüfat həyatı, onların kosmoqonik təsəvvürləri və estetik dəyərləri aiddir. Daha sonra toponimin semantikasında demək olar ki, insanların tarixə baxışı da əhatə edilir. Bu cəhətlərinə görə, yəni semantik prinsiplərə görə M.Kaşğarlının "Divan"ındakı toponimləri internet səhifələrində iki qrupda birləşdirmək təklif olunur: 1) obyektin fiziki-coğrafi xüsusiyyətlərinin əksi, 2) insanın praktik fəaliyyəti ilə bilavasitə əlaqədar olanlar" (səh. 41).

Beləcə, fikirlərinə bu xüsusda giriş verdikdən, aydınlaşdırma gətirdikdən sonra Cahid Kazımov "Tarixi antroponimik və etnonimik leksika" və "Tarixi toponimik leksika" adları ilə 2 fəsil altında mülahizələrini sübuta yetirir. Dilçilik elmimiz üçün, konkret olaraq, kaşğarişünaslığımız, onomastika elmimiz üçün dəyərli bir tədqiqatı ortaya qoymuş olur.

Cahid İsmayıloğlu çox gəncdir, onun bu əsəri hələ elm aləmindəki uğurlu başlanğıcdır. Gənc alim kimi biz Cahid qardaşımıza gələcək elmi fəaliyyətində daha böyük uğurlara imza atmağı və dilçiliyimiz yolunda çox böyük missiyanı öz çiyinlərində ləyaqətlə daşımağı arzulayırıq!

Şakir ALBALIYEV

• "Bütöv Azərbaycan" qəzeti, 20-30 iyun 2009.

 

 



Biblioqrafik göstəricilər
1. Azərbaycan dilində
2. Türk dilində
3. Özbək dilində
4. Uyğur dilində
5. Qazax dilində
6. Türkmən dilində
7. Tatar dilində
8. Başqırd dilində
9. Tacik dilində
10. Fars dilində
11. Çin dilində
12. Yapon dilində
13. Rus dilində
14. İngilis dilində
15. Alman dilində
16. Fransız dilində
17. İtalyan dilində
18. Macar dilində

 



© 2007 WebStudio.AZ
Copyright © 2009 Cahid İsmayıloğlu / www.cahidismayiloglu.com; www.ismayiloglu.com; www.cahid.info.