Baş səhifə Elmi iş Elmi məqalələr Ədəbiyyat Mətbuatdan Video Əlaqə
Cahid İsmayıloğlu













MÜNDƏRİCAT
Baş səhifə
Elmi iş
Məqalələr
Elmi məqalələr
Ədəbiyyat
Mətbuatdan
Rəylər
Video
Foto albom

 
| More

 

 

MÜƏLLİFİNƏ UĞUR GƏTİRƏN ƏSƏR

Cahid İsmayıloğlu. XI yüzilliyin tarixi onomastik leksikası (Mahmud Kaşğarlının «Divanü lüğat-it-türk» əsəri əsasında). Bakı: «Elm» nəşriyyatı, 2008, – 231 s.Cahid İsmayıloğlu. XI yüzilliyin tarixi onomastik leksikası (Mahmud Kaşğarlının «Divanü lüğat-it-türk» əsəri əsasında). Bakı: «Elm» nəşriyyatı, 2008, – 231 s.

«Heç bir şey izsiz yox olmur» müdrik kəlamı Mahmud Kaşğarinin «Divanü lüğət-it-türk» əsəri ilə də təsdiq olunur. XI əsrdə belə bir lüğətin meydana çıxması təsadüfi deyil.

Qərbdən Şərqə böyük ərazilərdə məskunlaşmış türk xalqlarının yaratdıqları, qurduqları, ad verdikləri izsiz yox ola bilməzdi. Kaşğari olmasa da, başqa bir türk ortaya çıxmalı və bunları əbədiləşdirməli idi. Bu vəzifə tarixdə «Mahmud Kaşğari» adını daşıyan, həqiqi şəklini belə görə bilmədiyimiz bir türkün öhdəsinə düşmüş, o bu vəzifənin məsuliyyətini dərk edərək böyük bir xəzinə yaratmışdır. Minlərlə tədqiqatçı bu xəzinədən pay götürür. O cümlədən haqqında bir neçə söz demək istədiyimiz bu əsərin müəllifi Cahid İsmayıloğlu da.

Cahid İsmayıloğlu istedadlı bir gəncdir. Namizədlik mövzusu götürənə qədər türk tarixinə, Azərbaycan türk dilinin inkişaf yoluna dair xeyli məqalə yazmışdır. Yazıları burada və Türkiyədə çap olunmuşdur. İstiqaməti xəlqi və millidir. Vətənsevər bir gəncdir.

C.İsmayıloğlunun seçdiyi mövzu bu yaxınlarda avtoreferatı ilə tanış olduğum, lakin adını demək istəmədiyim bir «doktorluq dissertasiyası»ndan on dəfə faydalı və maraqlıdır. Cahid M.Kaşğaridən başlasa da, əsərin məzmunu yalnız Kaşğari «Divan»ının materialları ilə məhdudlaşmır. Müəllif düzgün yol tutmuş, birinci minillikdən və sonrakı dövrlərdən keçib gələ bilmiş başqa mənbələrə də – qədim türk yazılı abidələrinə, «Oğuznamələr»ə, Yusif Balasaqunlunun «Kutadqu bilik» əsərinə yeri gəldikcə nəzər salmalı olmuşdur.

Onomastik leksika terminoloji advermə baxımından bəzən çox xırdalanır. Əslində, cəmiyyətin və dilin inkişaf tarixini öyrənmək istiqamətində antroponimlər, etnonim və toponimlər kifayət qədər material verir. Müəllif də öz tədqiqatını, başlıca olaraq, bunların üzərində qurmuşdur.

Kaşğari «Divan»ının onomastik leksikası zəngindir və bu əsasda bir tarix yaratmaq olar. Elə buna görə də müəllif tədqiqat prosesində yeri gəldikcə o dövrün cəmiyyət tarixinə də diqqət yetirməli olmuşdur. Lakin bir dilçi kimi, təbii ki, məqsəd xüsusi adların linqvistik təhlili, dilçilik baxımından tədqiqidir. Müəllif fakt və hadisələri sadalamaqla vəzifəsini yerinə yetirə bilməzdi. Odur ki əsər bütövlükdə faktların təhlili və etimoloji araşdırmalar üzərində qurulmuşdur.

Türk tarixi bilərəkdən və ya bilməyərəkdən daim təhrif edilmişdir və bu proses hələ də davam etməkdədir. Türk xalqlarının tamamilə gənc olduğunu, dünən, srağagün yarandığını güman və iddia edənlər var. Müəllifin tədqiqatının nəticələri, topladığı dəlillər və faktlar saxta və yanlış «tarixlər»i təkzib edir. Bəzilərinin fikirlərinə görə, bizim I minilliyin ortalarından II minilliyin ortalarına və hətta XVIII əsrə qədər Yer üzündə vahid ümumtürk ədəbi dili («türki» adlanan dil) olub. Müəllifin Kaşğari lüğəti əsasında apardığı hələ ilkin araşdırmalar bu cür konsepsiyanın uydurma, yanlış və zərərli olduğunu bir daha təsdiq edir: «Qaraxanlı islam dövləti idi. Kaşğar bu dövlətin mərkəzi sayılırdı. Həmin dövlətin şərqdə Koçu dövlətində yaşayan, buddizm dininə sitayiş edən uyğurlarla münasibət və əlaqələri çox da yaxşı olmamışdır. Maraqlı budur ki, adları çəkilən əsərlərin meydana gəldiyi dövrdə həmin bölgələrdə bir-birindən mahiyyət etibarilə fərqlənən iki mədəniyyət və iki ədəbi dil mövcud idi. Kaşğar türklərinin dilinə ərəb-fars elementləri, uyğur türklərinin dilinə isə çin və sanskrit dillərinə məxsus olan leksik-terminoloji vahidlər daxil olmağa başlayırdı». Hələ bu tərəfdə – qərbdə həmin dövrdə «Dədə Qorqud» kimi misilsiz abidəsi olan, ümum¬xalq dili kimi III-V əsrlərdə formalaşmış Azərbaycan dilini demirik.

Buradakı fikir tam doğrudur. Müəllif bütün türk dünyasından deyil, bir bölgədə mövcud olan iki ədəbi dildən danışır. Müəllifin qeyd etdiyi bu məlumat əsaslıdır. Deməli, o dövrə məxsus başqa ədəbi dillər haqqında da danışmaq mümkündür.

Məlumdur ki, hər bir əsərdə ondan əvvəl deyilmiş fikirlərə istinad edilməli və doğru olanlar ortaya çıxarılmalıdır. Bəzən bizim elmi ədəbiyyatda belə fikirlərə rast gəlirik (müəllif kimə istinad etdiyini bildirməsə də): «Qədim ana türk yurdundan durmadan Orta və Ön Asiyaya doğru axına başlayan köçəri tayfalar (kursiv bizimdir – Q.K.) yerləşdikləri, məskunlaşdıqları yeni-yeni coğrafi ərazilərdə mədəni həyata qatılmış və qısa zaman kəsiyində sənət və əkinçilikdə irəliləyiş əldə etmişlər». Hələ də bizim tədqiqatçılar (tarixçilər, dilçilər və b.) tarixin gedişini əksinə izah edir, nəzərə almırlar ki, Türklərin ana yurdu Kaşğar və ya Altay deyil, Ön Asiyadır. Bu cəhətdən Cahid həm bu əsəri, həm də bu vaxta qədər yazdığı bir sıra məqalələri ilə düzgün yoldadır. Türkün beşiyi Ön Asiyadır.

Cahid İsmayıloğlu araşdırmalar əsasında bu qənaətə gəlir ki, M.Kaşğari daha çox Xaqanlıq türkcəsini, Çigilcə və Oğuzcanı canlandıra bilmiş, bununla yanaşı: «…Bizans hüdudlarından Çin sərhədlərinə qədər uzanan türk ellərində yaşayan türk qəbilə və tayfalarının ləhcə və dillərindən də nümunələr vermişdir. Kitabda türklərin yaşadığı yerlərə, türk etnoqrafiyasına, onların toplum həyatına, inanclarına dair də məlumatlar tapmaq olar». Müəllifin meyil və istəyi doğrudur, şərqdən qərbə demir, Bizansdan şərqə doğru nəzərdə tutur. Bu, türklərin yayılma istiqamətini düzgün əks etdirir (sonrakı geri qayıtmaları istisna etmirik). Bu dövrdə feodalizmin min ilə yaxın yaşı vardı və artıq xalqlar mövcud idi. Kaşğari təsadüfi hallarda kiçik qəbilələri araşdırmağı çatdıra bilərdi.

Kaşğari lüğətindəki antroponimlərin tədqiqi bir çox cəhətdən maraqlı və faydalıdır. Ərəb işğalı nəticəsində islam dinini qəbul etmiş türk xalqları istifadə etdikləri xüsusi şəxs adlarını bir çox hallarda unutmuş, ərəb mənşəli xüsusi adlara keçmişlər. Lakin Kaşğari dövründə hələ islam dini insanların beyninə, qanına o dərəcədə yeriməmişdi, qədim türk ad ənənəsi müəyyən nisbətdə davam etməkdə idi. Monoqrafiya müəllifi bu cəhəti nəzərə almış və yazmışdır: «Şəxs adları türklərin qədim tarixini - islamdan əvvəlki dövrünü, onların adqoyma ənənələrini, dünyagörüşünü, dini-mifoloji təsəvvürlərini, psixologiyasını, qohumluq münasibətlərini, məşğuliyyətini və s. əks etdirir».

Müəllif özündən əvvəlki tədqiqatçıları düzgün tənqid edir ki, onlar «Divan»dakı adların mənşəyindən danışarkən türk mənşəli xüsusi adlara – antroponimlərə az diqqət yetirmişlər. Ona görə də əsərdə bu cür antroponimlərə xüsusi yer vermiş müəllif, türk mənşəli antroponimlərdən danışarkən türkləri elmi ədəbiyyata əsasən iki qrupa - şimal və cənub türk xalqlarına ayırmışdır: «Tədqiqatlar göstərir ki, Mahmud Kaşğarlı dövründə bütün türk xalqları iki – şimal və cənub qrupuna ayrılmışdı. Şimal qrupunu qıpçaqlar, peçeneqlər, tatarlar, qırğızlar təşkil etdiyi halda, cənub qrupunu uyğurlar, tabğaclar, çigillər, tuxsilər, yağmalar, cumullar, çaruklar və digərləri təşkil edirdi». Müəllif N.A.Baskakovdan götürdüyü bu bölgünü təbii olaraq təkmilləşdirməli olmuşdur.

C.İsmayıloğlu türk mənşəli xüsusi adların (antroponimlərin) şərhini də bu istiqamətdə aparmalı olmuşdur. Türk mənşəli adlarla yanaşı, əsərdə fars mənşəli antroponimlərə də geniş yer verilmişdir. «Divan»dakı Alp Ər Tonqa adı haqqında, təbii olaraq, bir qədər geniş bəhs edilmişdir. Tonqanın, onun qızı Kazın, oğlu Barsğanın adları Qaraxanilərdən 1700 il əvvəlin hadisələri ilə bağlıdır və deməli, müəllif onların adlarından danışmaqla M.Kaşğaridən 1700 il əvvəlin hadisələrini və dil-nitq xüsusiyyətlərini nəzərdən keçirməli, Midiya dövlətindən, Midiya imperiyasının son çarı Astiaqdan, böyük Turan imperatorundan danışmalı olmuşdur. Nə qədər böyük hadisələrdir ki, iki min ilə yaxın bir dövrdə xalqın yaddaşınqdan silinməmişdir.
«İsadan öncə VII əsrdə yaşayan Saka hökmdarı Alp Ər Tunğa (Əfrasiyab) Edil (=Volqa) çayı tərəfindən gələrək Dəmirqapı üzərindən Ön Asiyaya keçmiş…» – sözlərindən oxucu belə nəticə çıxarmamalıdır ki, Tonqa Orta Asiyalıdır. Bunlar onun son döyüşləri dövrünə aiddir, öz ordusunu itirərkən dolandığı yollardır. Alp Ər Tonqa Ön Asiyalıdır – Azərbaycan türk Midiya dövlətinin son çarıdır.

Müəllif qeyd edir ki, Mahmud Kaşğari türklərin Rumdan Maçinədək olan geniş bir ərazidə yaşadığını və əsl türklərin 22 tayfadan ibarət olduğunu göstərir. Onun verdiyi bilgilərə görə, hər bir tayfanın çoxlu uruğları (qəbilələri) var ki, onların sayını yalnız tanrı bilir. Böyük türkoloq bunlardan əsasən ana uruğları yazmış, kiçik tayfalardan isə bəhs etməmişdir. Amma o, oğuz türklərinin kiçik uruğlarını, mal-qaralarının damğalarını da yaddan çıxarmamış, insanların bu məlumatı bilmələrinin ehtiyacdan irəli gəldiyinə işarə vurmuşdur.

«Divan»da ən mühüm məsələlərdən biri Azərbaycanla, Azərbaycan türkləri ilə bağlı fikirlərin araşdırılmasıdır. Bu cəhətə az fikir verilməyib. Məsələn, müəllif qeyd edir ki, Mahmud Kaşğari beş oğuz şəhərinin adını çəkir: Sepren, Sitkün, Suğnak, Karnak, Karacuk. Bunlardan Seprenin Şabran olduğu müəyyənləşdirilir. Şabran Azərbaycan şəhəridir, o biri şəhərləri də axtarmaq lazım idi.

M.Kaşğarinin «Divan»ında işlənmiş antroponim, etnonim və toponimlər yalnız Kaşğari dövrünün məhsulu deyildir. Bu adlardan eləsi var ki, Kaşğaridən iki min il əvvələ aiddir. Eyni zamanda, Kaşğarinin toplayıb təqdim etdiyi xüsusi adlar 11-ci yüzilliklə məhdudlaşmır, sonrakı yüzilliklərdə də işlənməkdə davam edir. Bu baxımdan C.İsmayıloğlu Kaşğarinin «Divan»da verdiyi adları sistemli şəkildə üzə çıxarıb təhlil etməklə çox böyük bir dövrün xüsusi ad sistemini nəzərdən keçirməli olmuşdur. Həm də nəzərə alsaq ki, burada yalnız insan adları deyil, etnonimlər, geniş mənada toponimlər (şəhər, dağ, dərə, meşə, çay adları və s.) öyrənilmişdir, o zaman bu əsərin dəyəri daha da artmış olur. Həqiqətdə də C.İsmayıloğlu böyük zəhmətə qatlaşmış, xüsusi adların «Divan»a səpələnmiş böyük bir layını türkü, türkün tarixini sevən bir tədqiqatçı kimi üzə çıxarmış, təhlil etmişdir.

Əsərdə onomastik leksikanın linqvistik təhlili ön plandadır. Müəllif çalışmışdır ki, Kaşğarinin öz qeydləri və ya müasir elmi ədəbiyyat əsasında imkan daxilində hər bir xüsusi adın mənşəyi ilə bağlı fikir söyləsin, etnonimin, toponim və ya antroponimin necə yarandığı barədə ən ağlabatan şərhlərlə oxucunu inandırsın və əksərən də bu istəyinə nail olmuşdur. Əlbəttə, elə sözlər var ki, onların məna və mənşəyini insanlar artıq unutmuşlar, ona görə də bir neçə yerə yozmaq mümkündür. Bu əsərdə də belə faktlar var və müəllif gənc olmasına baxmayaraq, əksərən onlara dair ən ağlabatan fikirləri seçib götürmüşdür. Bu cəhətdən əsər yaxşı təəssürat yaradır. Oxucu türkün keçmişi ilə tanış olur, onun advermə adət-ənənələrini öyrənə bilir.

Lakin təhlil bunlarla bitmir. Hər bir xüsusi adın arxasında bir cəmiyyət durur. Bu baxımdan linqvistik təhlil prosesində oxucu o dövrün adət-ənənələri, ictimai-siyasi vəziyyəti, quruluş xüsusiyyətləri, yaşayış tərzi, mədəni inkişaf səviyyəsi ilə də tanış ola bilir, bütövlükdə türk aləminin bir neçə əsrlik mənzərəsi göz önünə gəlir.

Müəllif tədqiqat prosesində mümkün olan çoxsaylı elmi ədəbiyyata kifayət qədər baş vura bilmiş, fikirlərinin isbatı üçün onlardan lazımi şəkildə istifadə edə bilmişdir. Kitab türkoloji aləm üçün faydalı olacaqdır.

Monoqrafiya göstərir ki, belə bir çətin mövzunun öhdəsindən bacarıqla gəldiyi üçün Cahid İsmayıloğlu tədqiqat işlərini davam etdirərsə, türkologiyada uğurlar qazana bilər.

Prof. Q.Ş.Kazımov
04.10.2008

• «Kredo» qəzeti, N14 (533), 11 aprel 2009-cu il.

 

 



Biblioqrafik göstəricilər
1. Azərbaycan dilində
2. Türk dilində
3. Özbək dilində
4. Uyğur dilində
5. Qazax dilində
6. Türkmən dilində
7. Tatar dilində
8. Başqırd dilində
9. Tacik dilində
10. Fars dilində
11. Çin dilində
12. Yapon dilində
13. Rus dilində
14. İngilis dilində
15. Alman dilində
16. Fransız dilində
17. İtalyan dilində
18. Macar dilində

 



© 2007 WebStudio.AZ
Copyright © 2009 Cahid İsmayıloğlu / www.cahidismayiloglu.com; www.ismayiloglu.com; www.cahid.info.