Baş səhifə Elmi iş Elmi məqalələr Ədəbiyyat Mətbuatdan Video Əlaqə
Cahid İsmayıloğlu













MÜNDƏRİCAT
Baş səhifə
Elmi iş
Məqalələr
Elmi məqalələr
Ədəbiyyat
Mətbuatdan
Rəylər
Video
Foto albom

 
| More

 

 

M.KAŞĞARİNİN «DİVANÜ LÜĞƏT-İT-TÜRK» ƏSƏRİNİN ONOMASTİK LEKSİKASININ TƏDQİQİ

Cahid İsmayıloğlu. XI yüzilliyin tarixi onomastik leksikası (Mahmud Kaşğarlının «Divanü lüğat-it-türk» əsəri əsasında). Bakı: «Elm» nəşriyyatı, 2008, – 231 s.Orta türk dövrünün ilkin və möhtəşəm abidələrindən biri olan M.Kaşğarinin «Divanü luğat-it-türk» əsərində türkün min il bundan əvvəlki dili, ədəbiyyatı, mədəniyyəti, tarixi, coğrafiyası, mənəvi-milli dəyərləri, adət və ənənələri öz əksini tapmışdır. Bütün bunlar elmimizdə daha əhatəli və daha dəqiq araşdırmalar aparmağa istiqamət verir. Xüsusilə, «Divanda» öz əksini tapan milli-tarixi onomastik vahidlər xalqın tarixini əks etdirən qiymətli mənbə kimi onomastik leksikanın tədqiqini, araşdırılmasını zəruriləşdirir. XI əsrin tarixi onomastik leksikasına elmi mövqedən yanaşmaq, onun düzgün təhlilini vermək Azərbaycan dilçiliyində aktual və zəruri məsələlərdəndir. Oxuculara təqdim olunan Cahid İsmayıloğlunun «XI yüzilliyin tarixi onomastik leksikası» (Mahmud Kaşğarlının «Divanü lüğət-it-türk» əsəri» əsasında) əsəri gənc, istedadlı tədqiqatçının bu sahədə apardığı zəngin elmi axtarışların nəticəsi kimi yeni elmi müddəalarla zəngin olan bir əsərdir.

Azərbaycan dilindəki onomastik vahidlərin spesifik xüsusiyyətlərini, onların mahiyyətini, mənşəyini, inkişaf tarixini, yayılma regionunun tədqiqi əsas problemlərdəndir. Müəllifin də tədqiqatının əsasını M.Kaşğarlının «Divanın»da işlənən onomastik vahidlər təşkil edir. Bu da təsadüfi deyildir. Müəllifin qeyd etdiyi kimi Kaşğarlı Mahmud yalnız orta çağdakı Türküstan mədəniyyəti, elmi və ədəbiyyatının ən böyük şəxsiyyəti deyil, dünya mədəniyyətinə, türkoloji aləmə əvəzsiz xidməti olan bir insandır. Onun «Divanü lüğat-it-türk» adlı əsəri yalnız Türküstandakı türk xalqlarının deyil, özünün də yazdığı kimi Çindən ta Qaradənizə, Ağdənizə qədər, yəni Avrasiyada, hətta Afrikada yaşamış və bu gün də yaşayan türk xalqlarının qürur duyduqları bir abidədir. «Divan»ın ən mühüm özəlliyi onun sadə bir lüğət deyil, ilk türk ensiklopediyası olmasıdır. Xüsusilə, «Divan»da işlənən onomastik vahidlər onu yaradan və yaşadan xalqın tarixini qoruyub saxlayan faktlardır. Bu baxımdan problemin qoyuluşu və həlli uğurludur. Bunun arxasında dərin elmi hazırlıq, elmin bir sıra sahələrinə xüsusən coğrafiya və tarix elmlərinə yaxından bələd olmaq və bütün bunlardan uğurlu, real, məqsədyönlü elmi ümumiləşdirmə vermək bacarığı durur.

İki fəsil, «Divanü lüğat-it-türk»dəki onomasıtik leksikanın lüğətindən ibarət olan tədqiqatın «giriş»ində Mahmud Kaşğarlı və tarixi onomastika məsələləri haqqında ümumi məlumat verilir. Doğrudan da, M.Kaşğarlının «Divan»ı əsasında qədim türk onomastikasının tədqiqi ümumilikdə XI əsr onomastik sisteminin kompleks öyrənilməsi üçün mühüm əhəmiyyət kəsb edir. Cahid İsmayıl oğlu bu prosesləri təhlil edərək yazır: «İlk öncə M.Kaşğarlının böyük səyi, köməyi nəticəsində XI əsr Türk dünyasının coğrafi-toponimik durumu formalaşmışdır. Dolaşdığı ərazilər və yazdığı incəltəmələr dövrün istifadə etdiyi əsərlərə istinad Kaşğarlı Mahmudun bəhrələndiyi və şərhini verdiyi onomastik vahidlər və coğrafi məlumatlar ərəb və İran mənbələri ilə də uyğun gəlir. Böyük türkoloq məlumatları qiymətləndirmək və oxucuları inandırmaq məqsədilə «Divan»da ayrıca bir türk xəritəsi də tərtib etməyi unutmamış, ona görə də min illik türk coğrafiyası və toponimikasında öndərlik şərəfi Mahmud Kaşğarlıya qismət olmuşdur» (səh.20). Deməli, türk dilində onomastik adların əmələgəlmə və inkişaf tarixini öyrənmək üçün «Divan» əsas mənbələrdəndir. Xüsusilə qədim onomastik layın tarixi-etimoloji tədqiqi XI əsrdə türk dilində gedən leksik prosesləri izləməyə geniş imkanlar açır. Əsərin «Tarixi antroponimik və etnonimik leksika» adlı birinci fəslində antroponimlərin mənşəyi, morfoloji və sintaktik quruluşu, leksik-semantik tipləri, «etnonimlər və onların etimologiyasından bəhs edilir. Məlumdur ki, insan adları tarixi kateqoriyadır və cəmiyyətin inkişafında mühüm rol oynayır. Antroponimlər xalqın dili, tarixi və etnoqrafiyasını yaşadan, milli etiket fünksiyasını yerinə yetirən onomastik vahidlərdəndir. Bütün bunları nəzərə alan müəllif əsas diqqətini «Divan»dakı antroponimlərin yaranma mənşəyinə yönəldərək onları leksik-semantik və genetik xüsusiyyətlərinə görə- ümumtürk, ərəb və fars mənşəli antroponimlər şəklində qruplaşdıraraq təhlil etmişdir. Burada ad sisteminin formalaşması və inkişafı, onların dəyişmə qanunauyğunluqları, antroponimik qatın struktur tipləri, tərkibi tədqiqindən aydın olur ki, tarixi onomastik vahidlər də digər leksik vahidlər kimi dilin mövcud qrammatik modellərinə əsaslanaraq formalaşmışdır. Bu baxımdan antroponimlər quruluşuna, leksik-semantik tiplərinə görə zəngin faktlarla araşdırılmış, tarixi antroponimlərin təhlilinə əsasən XI əsrdə şəxs adlarının formalaşma sistemi iki amillə - apelyativlərin mənasına, islam dininin nüfuzetməsi, köksalması və yayılması ilə bağlanılır.

Divanda işlənən etnonimlərin araşdırılması dilimizin, onun tarixinin mürəkkəb və zəruri məsələlərinin təhlilinə istiqamət verir. Bu baxımdan «Divan»da işlənən etnonimlər – tayfa-boy adları da tədqiqata cəlb edilərək yazılır: «Daha qədim fonetik, qrammatik və leksik-semantik cəhətlərə malik olan tayfa» boy adları türk və qeyri-türk etnoslarının ictimai-siyasi həyatı miqrasiyası ilə bağlı formalaşmışdır. Tayfa boy adlarının tarixi-linqvistik tədqiqi ilə Qaraxanlılar dövrünün tarixi, etnogenezi haqqında daha tütarlı, dəqiq və obyektiv informasiyalar əldə etmək mümkündür» (səh.77).

Qeyd edildiyi kimi, M.Kaşğari türklərin Rumdan Macinədək olan geniş bir ərazidə yaşadığı və əsil türklərin 22 tayfadan ibarət olduğu göstərilir. Tədqiqatda «Divan»da işlənən Sepren (Sabran), Sitkün, Suğnak, Karnak, Karacuk kimi oğuz səhərlərinin, boylarının, adlarının təhlili ilə yanaşı digər tipik, xarakterik xüsusiyyətləri üzərində də dayanılmışdır. Xüsusilə, Sağdak, Kencək, Ağru boyları eləcə də onlarla gəlib qarışan Xatanları, Tübütləri, Tanqutların- dilləri də fərqləndirilir və onların diferensial xüsusiyyətləri ilə bağlı lüğətdə verilən məlumatlar təhlil edilir. Digər tərəfdən oğuz yurdunun X və XI əsrdə də batıdan Xəzər dənizinə qədər uzandığı haqqında məlumat verməsi türk tayfalarının bu yerlərin qədim sakinləri olması faktlarını təsdiqləyir.

Tədqiqatda boy adlarının M.Kaşğarinin əsərində xüsusi sistem təşkil etməsi əsaslandırılmış və bu boyların (Türk, Oğuz, Bayat, Bayandur və s.) tarixi-etimoloji təhlilinə cəhd edilmişdir. Əsərdə «Türkmən», «Türk», «Uyğur», «Oğuz», «Başqırd» tayfa adlarının etimologiyasının verilməsi tayfaların yayılma ərazilərinin dəqiqləşdirilməsi və qədim etnik tarixinin aydınlaşdırılması baxımından zəngin məlumat verir. Çünki etinonimlər öz qədimliyini dəyişməz qoruyub saxlayan onomastik vahidlərdir.

Monoqrafiyanın ikinci fəsli «Tarixi toponimik leksika» adlanır. Toponimlərin tədqiqi xalqın tarixinə, yayılma arealına dair zəngin faktlar verir. Bu baxımdan tarixi toponimik leksikanın qorunub saxlandığı ensiklopedik mənbələrdən ən mötəbəri M.Kaşğarinin «Divanü luğat-it-türk» əsəridir. Burada qeydə alınan toponimlər türk, qəbilə, tayfa və xalqlarının tarixi etnogenezi haqqında zəngin məlumat verir. Tədqiqatçılar tarixi toponimikanın əsas qanunauyğunluqlarını aydınlaşdırarkən qeyd edirlər ki, toponimika istənilən tarixi zaman kəsiyində artıq mövcud olmayan coğrafi terminlərin mənşəyini öyrənir, tarixi-toponimika mahiyyətcə tarixi coğrafiyanın mühüm hissəsini təşkil edir. Lakin təəssüflə qeyd etmək lazımdır ki, indiyədək qədim türkün toponimik leksikasının araşdırılmasında əvəzsiz mənbə rolunu oyanayan «Divan»ın toponimik layı tədqiq edilməmişdir. Tədqiqatda ilk dəfə toponimlərin sistemli araşdırılmasına təşəbbüs göstərilmişdir. Müxtəlif mərhələlər keçirən türk toponimlər sistemini, türk tayfalarının yayılma arealları ilə bağlayan müəllif yazır: «Apardığımız araşdırma və hesablamalarımız göstərir ki, M.Kaşğarlının «Divan»ında 180-ə qədər toponimdən istifadə edilmişdir. Bu toponimik vahidlərin «Divan»da leksik-semantik və etimoloji şərhinin verilməsi ilə Mahmud Kaşğarlının böyük toponimçi alim olduğunu bir daha sübut edir» (səh.104).

M.Kaşğarınin lüğətində ilk dəfə olaraq qədim türklərin ərazi adları diqqətlə öyrənilmiş, onlar semantk və mənşə baxımdan təhlil edilmişdir. Bu nəzərə alınaraq tədqiqatda toponimlər mənşəcə üç qrupa ayrılmış (türk, ərəb və fars mənşəli toponimlər) və faktlarla təhlil edilmişdir. Bununla yanaşı toponimlər yaranma mənbəyinə və formalaşmasına görə də təsnif edmilşdir. Belə ki, leksik sistem, o cümlədən toponimik leksika cəmiyyətin inancını, dini dünyabaxışını, etiqadları, özündə qoruyub saxlayan mənəvi sərvətlərdəndir. Bu leksik-onomastik vahidlərin semantikasını aydınlaşdırmaq türk xalqlarının mənşəyinə dair tarixi gerçəkliyi üzə çıxarmaq baxımından da əhəmiyyətlidir. Bu baxımdan şamanizmlə bağlı onomastik leksika da tədqiqata cəlb olunmuşdur. Faktlardan aydın olur ki, şamanizmlə bağlı xeyli adlar «Divan»da işlənmişdir. Tədqiqatçı şamanizmlə bağlı - Kamlanci, Ötükən, İdik tipli toponimləri mənbədən verilən faktlarla aydınlaşdıraraq qədim türklərin inamlarının tarixən kökündə duran dini adət-ənənələri, adqoyma mərasimlərinin magik mifologiyasını, mif görüşlərini müəyyənləşdirir.

Qədim türk onomastikasının mühüm bir hissəsini oykonimlər təşkil edir. «Divan»da da 96 şəhər adı haqqında məlumat verilmişdir. O da qeyd edilir ki, şəhərlər oğuz və qıpçaq şəhərləri olmaqla iki qrup üzrə verilmişdir. Bu adlar qədim türklərdə mədəniyyətin inkişafını əks etdirir. Monoqrafiyada da qədim türk onomastikasının formalaşma və işlənmə xüsusiyyətlərinin araşdırılmasına sistemli yanaşılaraq, bir çox şəhər adları təhlil edilmişdir. Xüsusən «Balık» komponenti ilə üç şəhərin adı Balık, Beş-Balık, Yengi Balık qeyd edilmişdir. Burada «Balık» islamdan çox öncə türk dilində «sığnaq, qala, şəhər»lərə verilən ad kimi işlənməsi və bu oykonimlərin Orxon-Yenisey abidələri ilə müqayisəli (tarixi qaynaqlar əsasında türk yer adlarının) tarixi-etimoloji və sistemli təhlili verilmişdir. Beləliklə, M.Kaşğarinin «Divan»ı əsasında qədim türk oykonimlərinin öyrənilməsi həm türk, həm də ümumi toponimikanın tarixi və nəzəri məsələlərinə aydınlıq gətirir. Bu zaman həmin dövrlərdə qədim şəhər adlarının formalaşmasına təsir göstərmiş həlledici faktorlar da müəyyənləşdirilir. Eyni zamanda «Divan»da işlənən mifoloji toponimlər, oronimlər, hidronimlər, keçid-paralel toponimlər, ulduz adları (onların Azərbaycan ərazisində izləri) da zəngin faktlarla araşdırılmışdır.

Müasir dilçiliyin gənc sahələrindən biri olan onomologiyaya həsr edilmiş, əhatə dairəsi və yüksək elmliyi ilə seçilən poliqrafik baxımdan da yüksək səviyyədə nəşr olunan bu əsər həm dil tarixi, həm də nəzəri dilçilik üçün zəngin faktlar verir. Belə araşdırmalar gələcək tədqiqatların dairəsini genişləndirməyə və elmi nəzəriyyələrin dəqiqləşməsinə istiqamət verən tədqiqat kimi əhəmiyyətlidir.

SAYALI SADIQOVA,
Filologiya elmləri doktoru, professor

• RESPUBLİKA qəzeti, 18 iyul, 2009-cu il, №155 (3583), səh. 5.

 

 



Biblioqrafik göstəricilər
1. Azərbaycan dilində
2. Türk dilində
3. Özbək dilində
4. Uyğur dilində
5. Qazax dilində
6. Türkmən dilində
7. Tatar dilində
8. Başqırd dilində
9. Tacik dilində
10. Fars dilində
11. Çin dilində
12. Yapon dilində
13. Rus dilində
14. İngilis dilində
15. Alman dilində
16. Fransız dilində
17. İtalyan dilində
18. Macar dilində

 



© 2007 WebStudio.AZ
Copyright © 2009 Cahid İsmayıloğlu / www.cahidismayiloglu.com; www.ismayiloglu.com; www.cahid.info.