|
TÜRKOLOJİ
ALƏM ÜÇÜN FAYDALI ƏSƏR
Dərin
bir ensiklopedik biliyə malik olan Mahmud Kaşğarlı XI əsrdə
geniş bir ərazidə yerləşən türk ellərini el-el, oba-oba, oymaq-oymaq
gəzib-dolaşmış, onların dillərini və ləhcələrini öyrənmiş,
tarixdə əbədi yaşayan “Divanü lüğat-it-türk” əsərini qoyub
getmişdir. Prof. Ə.Abdullayev yazır ki, Mahmud Kaşğarlı maşın
və təyyarə olmadığı bir zamanda az müddətdə, təkbaşına türk
diyarlarını dolaşmış, türk dillərinin materiallarını toplamış
və dəyərli bir lüğət tərtib etmişdir. Elə bir lüğət ki, onu
indiki zamanda onlarla işcisi olan müasir imkanlara malik
elmi-tədqiqat institutu bir necə ilə tərtib edə bilər.
İndiyə kimi bu əsər
haqqında çox yazılmış, çox danışılmış və bundan sonra da ondan
dönə-dönə bəhs ediləcəkdir.
Bu əsərin xarakterik
cəhətlərindən biri olaraq qeyd edilə bilər ki, hələ Avropada
tarixi-müqayisəli metoddan istifadə edilmədiyi bir zamanda
və avropalılardan çox-çox öncə M.Kaşğarlı əsərini bu metodla
yazmışdır.
Türk xalqlarına misilsiz
hədiyyə olan bu əsər indi də öz əhəmiyyətini nəinki itirməmiş,
hətta alimlərin hər gün müraciət etdiyi stolüstü kitabına
çevrilmişdir. Buna görə də M.Kaşğarlının adı bütün türk xalqlarının,
eyni zamanda dünya türkoloqlarının yanında əzizdir. Bu baxımdan
Cahid İsmayıloğlunun “Elm” nəşriyyatında nəfis şəkildə çapdan
buraxdığı “XI yüzilliyin tarixi onomastik leksikası” (Mahmud
Kaşğarlının Divanü-lüğat-it-türk” əsəri əsasında) monoqrafiyasını
da yüksək qiymətləndirmək olar. Kitabın ön söz müəllifi filologiya
elmləri doktoru, professor Qəzənfər Kazımov, elmi redaktoru
filologiya elmləri doktoru Məhəbbət Mirzəliyeva, pəyçilər
filologiya elmləri doktoru Roza Eyvazova və filologiya elmləri
doktoru, professor Qara Məşədiyevdir.
Monoqrafiyada XI yüzilliyin
tarixi onomastik leksikasının dərin elmi təhlili verilir,
həmin dövrün şəxs, tayfa və yer adları böyük türkoloq Mahmud
Kaşğarlının “Divanü-lüğat-it-türk” əsərindəki faktlar əsasında
tədqiqata cəlb edilir, qiymətli fikirlər söylənilir. Prof.
Q.Kazımov “Müəllifinə uğur gətirən əsər” adlı geniş və əhatəli
ön sözündə yazır ki, Cahid İsmayıloğlu istedadlı bir gəncdir.
Namizədlik mövzusu götürənə qədər türk tarixinə, Azərbaycan
türk dilinin inkişaf yoluna dair xeyli məqalə yazmışdır. Yazıları
burada və Türkiyədə çap olunmuşdur. İstiqaməti xəlqi və millidir.
Vətənsevər bir gəncdir. C.İsmayıloğlunun seçdiyi mövzu bu
yaxınlarda avtoreferatı ilə tanış olduğum, lakin adını demək
istəmədiyim bir “doktorluq dissertasiyası”ndan on dəfə faydalı
və maraqlıdır. Cahid M.Kaşğaridən başlasa da, əsərin mövzusu
yalnız Kaşğari “Divan”ının materialları ilə məhdudlaşmır.
Müəllif düzgün yol tutmuş, birinci minillikdən və sonrakı
dövrlərdən keçib gələ bilmiş başqa mənbələrə də - qədim türk
yazılı abidələrinə, “Oğuznamələr”ə, Yusif Balasaqunlunun “Kutadqu
bilik” əsərinə yeri gəldikcə nəzər salmalı olmuşdur.
Onomastik leksika terminolojisi
advermə baxımından bəzən çox xırdalanır. Əslində, cəmiyyətin
və dilin inkişaf tarixini öyrənmək istiqamətində antroponimlər,
etnonim və toponimlər kifayət qədər material verir. Müəllif
də öz tədqiqatını, başlıca olaraq, bunların üzərində qurmuşdur.
Kaşğarlı “Divan”ının
onomastik leksikası zəngindir və bu əsasda bir tarix yaratmaq
olar. Elə buna görə də müəllif tədqiqat prosesində yeri gəldikcə
o dövrün cəmiyyət tarixinə də diqqət yetirməli olmuşdur. Lakin
bir dilçi kimi, təbii ki, məqsəd xüsusi adların linqvistik
təhlili, dilçilik baxımından tədqiqidir. Müəllif fakt və hadisələri
sadalamaqla vəzifəsini yerinə yetirə bilməzdi. Odur ki, əsər
bütövlükdə faktların təhlili və etimoloji araşdırmalar üzərində
qurulmuşdur.
Cahid İsmayıloğlunun
monoqrafiyasında M.Kaşğarlının nəzərdən keçirdiyi türk yer
adlarının tədqiqi elmi-nəzəri baxımdan mühüm əhəmiyyət kəsb
edir. Bu, Orta Asiyada türk yer adlarının əmələgəlmə və inkişaf
tarixini öyrənmək üçün əsas sayıla bilər. Müəllif “Giriş”
hissədə doğru olaraq yazır ki, bu ərazi VI-VII əsrlərdə qurulmuş
Göytürk dövlətinin əraziləri idi. Bu dövlətdə balık, oba,
yazı, yurt, yış, yar, kaş və s. bu kimi ilk coğrafi apelyativlər
təşəkkül etməyə başlamış, daha sonralar Göytürk dövlətinin
yerini alan Uyğur xanlığında Türk yer adları sistemi formalaşmışdır.
Müxtəlif dinləri qəbul etsə də, heç bir maneəyə tuş gəlməyən
türk xanlığı köçəri həyatdan oturaq həyata keçərkən də türk
coğrafiyası və onun toponimikasını, türk toplumunun yer adları
sistemini dəyişməyə imkan verməmişdir. Türk adlı yeni şəhərlər
salınmışdır, balıqlar törəməyə başlamışdır. İlk yer adı kimi
mənşəyi maraq doğuran balıq sözü, VII əsrdən etibarən
türk dövlət və mədəniyyət işləri üzərində yer tutmuş, yerinə
və qavranmasına görə xüsusi məna qazanmışdır. Əslində, bu
söz (balıq) dövlət idarələrində rəsmən “şəhər, qala”
mənasında istifadə olunduğu halda, XI əsr Arğularında (arğu
dilində - C.İ.) “çamur, balçıq (palçıq)” anlamında
işlənmişdir. Eyni rəmzi söz köçəri türk dairələrində yurd
sözü ilə dəyişdirilmişdir. Müxtəlif dəyişdirilmələrə məruz
qalan türk yer adları sistemi zaman-zaman tayfaların yayılma
arealı (məkanı) və miqrasiyası ilə bağlı olduqca zəngin inkişaf
yolu keçmişdir.
C.İsmayıloğlu monoqrafiyada
fikirlərinin isbatı üçün zəngin mənbələrə söykənir. Tədqiqatçı
statistik hesablamaları da bacarıqla aparır. O, göstərir ki,
lüğətdə 7500-ə qədər sözün M.Kaşğarlı tərəfindən elmi təhlili
verilmiş, lüğəvi vahidlərin ümumtürk səciyyəsi və tayfa mənsubiyyəti
qeyd olunmuşdur. C.İsmayıloğlu eyni zamanda tanınmış dilçi
– türkoloqların hesablamalarına da baş vurur. Məsələn: Əmir
Nəcibin statistikasına əsasən “Divan”da 232 söz oğuzlara,
44 söz cigillərə, 42 söz arqulara, 15 söz qıpçaqlara, 10 söz
uyğurlara, 25 söz isə oğuzlara və qıpçaqlara (ortaq) aid edilmişdir.
Ümumiyyətlə, fərqli
görünsə də, Brokkelmanın hesablamalarına görə “Divan”da 7.993,
Bəsim Atalayın hesablamalarına görə 8.783, Özbəkistan alimlərinin
hesablamalarına görə 9.222 söz vardır. Əsərdə 5.147 adın,
3.477 felin olduğu göstərilir.
İki böyük fəsildən ibarət
olan bu əsərdə M.Kaşğarlının “Divan”ındakı onomastik vahidlər
Azərbaycan dilçiliyində ilk dəfə olaraq kompleks və sistemli
şəkildə tədqiqata cəlb edilmişdir. Birinci fəsildə müəllif
“Divan”dakı antroponimlərin mənşəyini, onların morfoloji və
sintaktik quruluşunu, leksik-semantik tiplərini, ləqəbləri,
etnonimləri araşdırmış, elmi baxımdan dəyərli fikirlər söyləmişdir.
İkinci fəsildə tarixi toponimik leksikaya baş vurulur. Burada
dövrün yer adları, tarixi toponimik leksikada şamanizmin izləri,
“Man” komponentli toponimlər, “Divan”dakı oykonimler, mifoloji
toponimlər, oronimlər, hidronimlər, keçid xarakterli – paralel,
toponimlərin çoxvariantlılığı, ulduz adları, “Divan”dakı toponimlərin
Azərbaycan ərazisindəki izləri təhlil süzgəcindən keçirilir.
Müəllif tədqiqat prosesində
fikirlərinin isbatı üçün çoxsaylı elmi ədəbiyyatdan da uğurla
faydalanmışdır. Biz şübhə etmirik ki, Cahid İsmayıloğlunun
bu əsəri müəllifinə şöhrət gətirəcək, dilçi – türkoloq mütəxəssislərin
stolüstü kitabına çevriləcəkdir.
Maarif Xalıqov,
tarix elmləri namizədi.
• «Katarsis dünyası»
qəzeti, sayı: 03 (003), 28 aprel 2009-cu il, səhifə 4.
|
|