Baş səhifə Elmi iş Elmi məqalələr Ədəbiyyat Mətbuatdan Video Əlaqə
Cahid İsmayıloğlu













MÜNDƏRİCAT
Baş səhifə
Elmi iş
Məqalələr
Elmi məqalələr
Ədəbiyyat
Mətbuatdan
Rəylər
Video
Foto albom

 
| More

 

 

Cahid İsmayıloğlunun “XI yüzilliyin tarixi onomastik leksikası”
kitabı çapdan çıxıb


Cahid İsmayıloğlu. XI yüzilliyin tarixi onomastik leksikası (Mahmud Kaşğarlının «Divanü lüğat-it-türk» əsəri əsasında). Bakı: «Elm» nəşriyyatı, 2008, – 231 s.
Bu günlərdə Cahid İsmayıloğlunun “XI yüzilliyin tarixi onomastik leksikası” (Mahmud Kaşğarlının «Divanü lüğat-it-türk» əsəri əsasında) kitabı çapdan çıxıb. «Elm» nəşriyyatında nəfis tərtibatda hazırlanan kitabda Mahmud Kaşğarinin «Divanü lüğət-it-türk» əsəri dilçilik baxımından tədqiq olunub. C.İsmayıloğlu M.Kaşğaridən başlasa da, əsərin məzmunu yalnız Kaşğari «Divan»ının materialları ilə məhdudlaşmır. Müəllif düzgün yol tutmuş, birinci minillikdən və sonrakı dövrlərdən keçib gələ bilmiş başqa mənbələrə də – qədim türk yazılı abidələrinə, «Oğuznamələr»ə, Yusif Balasaqunlunun «Kutadqu bilik» əsərinə yeri gəldikcə nəzər salmalı olmuşdur.
Türk tarixi bilərəkdən və ya bilməyərəkdən daim təhrif edilmişdir və bu proses hələ də davam etməkdədir. Türk xalqlarının ta¬mamilə gənc olduğunu, dünən, srağagün yarandığını güman və iddia edənlər var. Müəllifin tədqiqatının nəticələri, topladığı dəlillər və faktlar saxta və yanlış «tarixlər»i təkzib edir. Bəzilərinin fikirlərinə görə, bizim I minilliyin ortalarından II minilliyin ortalarına və hətta XVIII əsrə qədər Yer üzündə vahid ümumtürk ədəbi dili («türki» adlanan dil) olub. Müəllifin Kaşğari lüğəti əsasında apardığı hələ ilkin araşdırmalar bu cür konsepsiyanın uydurma, yanlış və zərərli olduğunu bir daha təsdiq edir.
Cahid İsmayıloğlu araşdırmalar əsasında bu qənaətə gəlir ki, M.Kaşğari daha çox Xaqanlıq türkcəsini, Çigilcə və Oğuzcanı canlandıra bilmiş, bununla yanaşı: «…Bizans hüdudlarından Çin sərhədlərinə qədər uzanan türk ellərində yaşayan türk qəbilə və tayfalarının ləhcə və dillərindən də nümunələr vermişdir. Kitabda türklərin yaşadığı yerlərə, türk etnoqrafiyasına, onların toplum həyatına, inanclarına dair də məlumatlar tapmaq olar».
Müəllif özündən əvvəlki tədqiqatçıları düzgün tənqid edir ki, onlar «Divan»dakı adların mənşəyindən danışarkən türk mənşəli xüsusi adlara – antroponimlərə az diqqət yetirmişlər. Ona görə də əsərdə bu cür antroponimlərə xüsusi yer vermiş müəllif, türk mənşəli antroponimlərdən danışarkən türkləri elmi ədəbiyyata əsasən iki qrupa - şimal və cənub türk xalqlarına ayırmışdır: «Tədqiqatlar göstərir ki, Mahmud Kaşğarlı dövründə bütün türk xalqları iki – şimal və cənub qrupuna ayrılmışdı. Şimal qrupunu qıpçaqlar, peçeneqlər, tatarlar, qırğızlar təşkil etdiyi halda, cənub qrupunu uyğurlar, tabğaclar, çigillər, tuxsilər, yağmalar, cumullar, çaruklar və digərləri təşkil edirdi». Müəllif N.A.Baskakovdan götürdüyü bu bölgünü təbii olaraq təkmilləşdirməli olmuşdur.
Müəllif qeyd edir ki, Mahmud Kaşğari türklərin Rumdan Maçinədək olan geniş bir ərazidə yaşadığını və əsl türklərin 22 tayfadan ibarət olduğunu göstərir. Onun verdiyi bilgilərə görə, hər bir tayfanın çoxlu uruğları (qəbilələri) var ki, onların sayını yalnız tanrı bilir. Böyük türkoloq bunlardan əsasən ana uruğları yazmış, kiçik tayfalardan isə bəhs etməmişdir. Amma o, oğuz türklərinin kiçik uruğlarını, mal-qaralarının damğalarını da yaddan çıxarmamış, insanların bu məlumatı bilmələrinin ehtiyacdan irəli gəldiyinə işarə vurmuşdur.
«Divan»da ən mühüm məsələlərdən biri Azərbaycanla, Azərbaycan türkləri ilə bağlı fikirlərin araşdırılmasıdır. Bu cəhətə az fikir verilməyib. Məsələn, müəllif qeyd edir ki, Mahmud Kaşğari beş oğuz şəhərinin adını çəkir: Sepren, Sitkün, Suğnak, Karnak, Karacuk. Bunlardan Seprenin Şabran olduğu müəyyənləşdirilir. Şabran Azərbaycan şəhəridir, o biri şəhərləri də axtarmaq lazım idi.
Müəllif tədqiqat prosesində mümkün olan çoxsaylı elmi ədəbiyyata kifayət qədər baş vura bilmiş, fikirlərinin isbatı üçün onlardan lazımi şəkildə istifadə edə bilmişdir. Kitaba ön söz yazan Prof. Q.Ş.Kazımov da hesab edir ki, əsər türkoloji aləm üçün faydalı olacaqdır.

• «Yeni Azərbaycan» qəzeti, 2 may 2009-cu il, N 081 (3015).

 

 



Biblioqrafik göstəricilər
1. Azərbaycan dilində
2. Türk dilində
3. Özbək dilində
4. Uyğur dilində
5. Qazax dilində
6. Türkmən dilində
7. Tatar dilində
8. Başqırd dilində
9. Tacik dilində
10. Fars dilində
11. Çin dilində
12. Yapon dilində
13. Rus dilində
14. İngilis dilində
15. Alman dilində
16. Fransız dilində
17. İtalyan dilində
18. Macar dilində

 



© 2007 WebStudio.AZ
Copyright © 2009 Cahid İsmayıloğlu / www.cahidismayiloglu.com; www.ismayiloglu.com; www.cahid.info.