Baş səhifə Elmi iş Elmi məqalələr Ədəbiyyat Mətbuatdan Video Əlaqə
Cahid İsmayıloğlu













MÜNDƏRİCAT
Baş səhifə
Elmi iş
Məqalələr
Elmi məqalələr
Ədəbiyyat
Mətbuatdan
Rəylər
Video
Foto albom

 
| More

 

 

CAHİD KAZIMOV,
AMEA, Nəsimi adına Dilçilik İnstitutunun aspirantı

MAHMUD KAŞĞARİ VƏ TARİXİ ONOMASTİKA MƏSƏLƏLƏRİ

«Türkologiya» jurnalı, (3-4), Bakı, «Elm», 2008, s. 90-96.

Tarixi onomastika məsələləri çox mürəkkəb, dəqiq və mütəşəkkil bir sistemi xatırladır. Bu onomastikanın öz dövrü üçün xüsusi formalaşma və işlənmə qanunauyğunları mövcuddur. Həmin qanunauyğunluqların tədqiqi bir çox məsələlərin həlli üçün önəm daşıya bilər.

V. A. Juçkeviçin fikrincə, hər bir tarixi epoxa onun «toponimik lüğətləri» ilə xarakterizə olunur. Cəmiyyətin inkişafının hər bir tarixi mərhələsində formalaşmış toponimlərdə onların maddi-mənəvi həyatı, ərazi özünəməxsusluğu mövcuddur [1. S. 57]. «Dilçiliyin müasir inkişaf mərhələsində onomastik leksikanın tarixi istiqamətdə araşdırılmasına olan tələb daha da artırılmalıdır» [2].

Türkologiyada tarixi onomastika problemlərinin öyrənilməsi üçün müxtəlif tarixi mənbələr, yazılı abidələr, lüğətlər və s. böyük və zəngin materiallar verə bilir. Tarixi onomastik layın əks olunduğu mənbələrdən ən tutarlısı Mahmud Kaşğarinin «Divani lüğət-it-türk» əsəridir [3].

«Divan» tarixi onomastik vahidlərin toplandığı böyük bir xəzinədir; onun üzərində bir çox alimlərin tədqiqat aparması heç də yetərli sayıla bilməz. Bəsim Atalayın qeyd etdiyi kimi, «Divan»ın üzərində zaman-zaman yüzlərlə araşdırıcı çalışacaq və hər tədqiqat aparan yeni bir cövhər əldə edəcək [4]. Xüsusən də, «Divan»da şəxs və ərazi adları ayrıca bir tədqiqat tələb edir, araşdırıcısını gözləyir [3. S . 32]. Bu əsəri yaza bilmək üçün o dövr türk dünyasını addım-addım dolaşaraq xeyli sayda söz və adlar toplamışdır. Abı, Alp aya, Alp Ər Tonqa, Alp tegin, Bətzən, Boğra Kara xan (antroponimlər), Bəgdili, Bulak, Başğırt, Bayat, Oğuz (etnonimlər), Buxara, Artuç, Beş, Barçan, Jan balık (toponimlər), Ila, İşig köl, İtil, Sidhinq köl, Taman (hidronimlər) və s.

«M.Kaşğarlının lüğəti məzmun etibarilə çox zəngindir. Burada türk dillərinə məxsus sözlər və onların semantikasına aid dolğun və əhatəli məlumatlar verilmişdir. Sözlər qeydə alınanda və onun elmi şərhi verilərkən həmin leksik vahidin hansı dilə mənsub olduğu və necə işləndiyi göstərilir. Lüğətə daxil edilmiş bütün sözlər insan fəaliyyətinin müxtəlif sahələrini əhatə edir» [5. S. 98]. Bu məsələni aydınlaşdırmaq üçün ilk öncə Qaraxanlı türklərinin dövrü, mühiti və onların onomastik sistemi ilə tanış olmaq lazım gəlir.

Bu dövr haqqında əsas məlumatları Mahmud Kaşğarinin «Divan»ından, Yusif Balasaqunlunun «Kutadğu b ili k »indən və dövrün digər abidələrindən almaq olur. Qaraxanlı dövləti islam dövləti idi. Kaşğar bu dövlətin mərkəzi sayılırdı.

Mahmud Kaşğarinin dövründə Qaraxanlı ərazisindəki xüsusi adlar qədim türk onomastik sisteminin mühüm bir tərkib hissəsini təşkil etməkdədir. Bu baxımdan Mahmud Kaşğarinin «Divan»ı canlı ensiklopediyadır və o dövrdə təsadüf edilən onomastik vahidlərlə zəngindir [6–11].

Qaraxanlılar dövlətinin toponimlərlə zəngin coğrafi mühiti qərbi və şərqi bir-birindən ayırırdı. Qərbi Qaraxanlılar dövlətinə ölkənin Mavəra ün-nəhr bölgəsi, Fərqanə vadisinin bir qismi, Zərəfşan çayı üzərindəki Buxara Səmərqənd, Sır-Dəryanın orta axarında yerləşən Fərab (digər adı: Otrar ), həmin çayın yuxarı axarındakı Əndican şəhərləri, və onun şərqindəki Özkənd ( Özçənd ) daxil idi. Paytaxt əvvəlcə Özkənd , sonra Səmərqənd olmuş, birinci xaqan bu şəhərlərdə, ikinci xaqan isə Buxarada oturmuşdur.

«Şərqi Qaraxanlılar dövlətinə Şaş , yaxud Çaç (sonrakı adı: Daşkənd ), onun şərqində Talas , şimalında İsfıcab (Çimkənd), Yeddisu bölgəsi, Fərqanə vadisinin böyük bir qismi, Qaragölə tökülən Kaşğar çayı üzərindəki Ordu-Kənd, yaxud Kaşğar , onun cənubunda Yarkənd, Issık-Kulun qərbindən axan Çu çayının üzərində yerləşən Kuz-Ordu , yaxud Balasağun , onun yaxınlığındakı Qara-Ordu , Balxaş gölünə tökülən İli çayının sahilindəki Almalıq , cənub-şərqdə Cunqariya bozqırları, Alagöl, İrtış çayı, Təklə-Məkan səhrası, sərhəddə yaxın Xotən şəhəri, Hindiquş Qaraqorum dağları arasındakı Gilgit şəhəri daxil idi. Ölkənin əsas mərkəzi Kaşğar , ikinci mərkəzi gah Balasağun , gah da Talas idi. “Kutadğu b ili k ” və “Divan” yazılan dövrdə paytaxt Kaşğar idi» [12. S. 17; 3. S. 16].

Mahmud Kaşğarinin «Divan»da verdiyi bir çox məlumatlar arasında onomastika məsələləri də əsas yerlərdən birini tutur. O, öz əcdadları barədə yazır ki, «bizim atalarımız olan bəylərə Xəmir deyirlər, çünki oğuzlar Əmir deyə bilmədikləri üçün əlifi X -yə çevirib söyləyirlər. Atamız türk ellərini Samanoğullarına mənsub bəydir, adına Xəmir Təkin deyilir. Təkin sözünə gəlincə, hərfi mənası ‘qul' olan bu söz xaqanın övladlarına və xanədanın kişi cinsindən olan bütün üzvlərinə verilən ünvandır» [3. S. 22].

Mahmud Kaşğarinin onomastik məlumatları içərisində Kaşğari nisbəsi haqqındakı fikirləri də maraqlıdır. «Mahmud Kaşğarinin bir əhli-qələm olaraq Kaşğari nisbəsini qəbul etməsi isə heç də onun mütləq Kaşğarda doğulması demək deyil, burada böyümək, yaşamaq və oxumaq da onun üçün kifayətdir, bir xanədan üzvü kimi ağası olduğu imperiyanın paytaxtının adını daşımaq onun haqqıdır. Hətta kiçik bir şəhər və ya kənddən, sadə ailələrdən çıxmış sənətkarlar da çox vaxt iri və məşhur şəhərlərin adını nisbə olaraq almışlar» [3. S. 23].

Mahmud Kaşğari əsərdə toponimik arealların aşkar olunması üçün qədim şəhər, göl, çay və digər ərazi adlarını xəritəyə köçürmüşdür. O, bu materialları xəritəyə köçürməzdən əvvəl ən müxtəlif mənbələrdən toponimləri toplamış, sistemə salmış və lüğətini hazırlamışdır. Bunun üçün mərhələli prinsipdən istifadə etmişdir. Toponimik landşaft çoxalıb genişləndiyi üçün böyük coğrafiyaşünas dilçi müəyyən bir qatı əks etdirən xəritə tərtib etmişdir. Bu xəritədə onomastik layın keçid zonaları, yaxud iki arealın kəsişdiyi yerdə yayılma zonası öz əksini tapa bilmişdir. Demək olar ki, toponimlərin ucqar yayılma nöqtələrini birləşdirən izoqlosslar da olmaqla Qaraxanlılar dövrünün toponimik sistemi haqqında təfərrüat əks oluna bilmişdir. Buradan belə bir nəticə çıxara bilərik ki, M. Kaşğari bir toponimçi alim kimi dilçilik coğrafiyası (areal metod) metodundan da gərəyincə istifadə etmiş, toponimik obyektlərin öyrənilməsinin çətinliyini nisbətən aradan qaldırmışdır.

«Divan»da verilmiş dünya xəritəsi ərazi toponimlərini əks etdirdiyi üçün böyük əhəmiyyətə malikdir. Bu, ilk türk xəritəsi və orta əsrlərin ən dəqiq xəritələrindən biridir. Balasağun şəhərini mərkəz olaraq qəbul edən, diametri 17, 75 sm olan bu xəritədə miqyas tətbiq edilməmiş, paralel və meridianlar göstərilməmişdir. Lakin buna baxmayaraq onun xəta payı çox azdır. Məsələn, « Kaşğarla Yarkəndin arası 8 mm olaraq verilmişdir. Bu isə gerçək məsafəyə (195 km) nisbətdə 1: 25 000 000-luq bir miqyasa uyğun gəlir. Burada cəhətlər və coğrafi yönlər, türk ellərinin və ölkələrin coğrafi ardıcıllığı, hətta ekvator və şimal qütbü, dağlar və çaylar, səhralar və dənizlər təsvir edilmişdir. Xəritədə adı ərzi-Azərabadqan kimi çəkilən Azərbaycanın coğrafi mövqeyi və qonşu sərhədləri də öz əksini tapmışdır. Bu xəritə min il bundan əvvəlki dövr üçün ideal sayıla bilər» [3. S. 27].

Mahmud Kaşğari «Divan»ındakı onomastik vahidləri «Özəl adlar» adlandırmışdır. M. Şakir Ülkütaşir bu mövzudan bəhs edərkən yazır ki, dil və ağız dərəcələri dışında, «Divan»da toplanan bilgilər arasında, zamanın türk toponimikasına (yer adlarına) aid olanlar türk tarixi və mədəniyyəti baxımından önəm daşımaqdadır. İlk öncə Mahmud Kaşğarinin böyük səyi, köməyi nəticəsində XI əsr türk dünyasının coğrafi-toponimik durumu formalaşdırılmışdır. Dolaşdığı ərazilər və yazdığı incələmələr dövrün istifadə etdiyi əsərlərə istinad Mahmud Kaşğari bəhrələndiyi və şərhini verdiyi onomastik vahidlər və coğrafi məlumatlar ərəb və i ran mənbələrilə də uyğun gəlir. Böyük türkoloq məlumatları qiymətləndirmək və oxucuları inandırmaq məqsədilə «Divan»da yuxarıda qeyd edildiyi kimi ayrıca bir türk xəritəsi də tərtib etməyi unutmamış, ona görə də doqquz yüzillik türk coğrafiyası və toponimikasında öndərlik şərəfi Mahmud Kaşğariyə qismət olmuşdur [8. S. 76].

Elmi-nəzəri baxımdan Mahmud Kaşğarinin nəzərdən keçirdiyi türk yer adlarının tədqiqinin bir çox xüsusiyyətləri vardır. Həmin xüsusiyyətlərdən biri türkün və bəşəriyyətin beşiyi sayılan Orta Asiyada türk yer adlarının tarixən meydana gəlməsini şərtləndirən başlıca amillərdir. Bu ərazi VI–VII əsrlərdə qurulmuş, təməli qoyulmuş Göytürk dövləti idi. Bu dövlətdə balık, oba, yazı, yurt, yış, yar, kaş və s. bu kimi ilk coğrafi apelyativlər təşəkkül etməyə başlamışdır. Daha sonralar Göytürk dövlətinin yerini alan Uyğur xanlığında fərqli türk yer adları sistemi formalaşmışdır. Müxtəlif dinləri qəbul etsə də, heç bir maneəyə tuş gəlməyən türk xanlığı köçəri həyatdan oturaq həyata keçərkən də türk coğrafiyası və onun toponimikasını, türk toplumunun yer adları sistemini dəyişməyə imkan verməmişdir. Türk adlı yeni şəhərlər, balıqlar törəməyə başlamışdır. Bu türk yerləşməsinin ilk yer adı olduğu irəli sürülən balıq sözünün törəyişi, VII əsrdən etibarən türk dövlət və mədəniyyət işləri içərisində yer tutmuş, yerinə və qavranmasına görə xüsusi məna qazanmışdır. Əslində, bu söz (balıq) dövlət idarələrində rəsmən ‘şəhər, qala' mənasında istifadə olunduğu halda, XI əsr Arğularında (arğu dilində – C.K.) ‘camur, balçık (palçıq)' anlamında işlənmişdir. Eyni rəmzi söz köçəri türk dairələrində yurd sözü ilə əvəzlənmiş, dəyişdirilmişdir. Müxtəlif dəyişmələrə məruz qalan türk yer adları sistemi zaman-zaman tayfaların yayılma arealı (məkanı) və miqrasiyası ilə bağlı olaraq, olduqca zəngin inkişaf yolu keçirmişdir.

Mahmud Kaşğarinin «Divan»ındakı yer adları, əsasən, onun tərtib etdiyi xəritədə öz əksini tapanlardır. Bəlli olur ki, bəzi kişi və qadın adları digər obyektlərin adlarına da verilmişdir. Ümumiyyətlə, eyni adın müxtəlif obyektlərə verilməsi, o dövrün toponimik vahidləri üçün başlıca xüsusiyyət sayılmışdır. Məsələn, böyük toponimçinin sözlüyə aldığı Ayas kölə qadın adını daha sonrakı yüzilliklərdə Xarəzm bölgəsindəki qazılar bir qalanın da adına vermişlər.

Qaraxanlıların ən mühüm elm və mədəniyyət mərkəzləri Səmərqənd , Buxara, Fərab, Şaş, Balasağun Kaşğar idi. M. Kaşğari həmin adları lüğətində tez-tez çəkməklə müəyyən məsələlər haqqında informasiya ötürür.

Əski adı Marakanda olan Səmərqənddə irandilli soqlar əhalinin əksəriyyətini təşkil edirdilər. Şəhərdə xeyli türk də yaşayırdı. Buxara isə qədimdən bəri buddist şəhəri kimi tanınırdı. Hətta şəhərin adı da sanskrit dilində Vihara , yəni monastır deməkdir. Buxara 710-cu ildə ərəblər tərəfindən işğal edilmişdir. Qaraxanlı dövlətinin tərkibinə daxil olduqdan sonra şəhər sürətlə türkləşməyə başlamışdır.

Çaç müasir Daşkəndin ən qədim adıdır. Dillərində ç səsi olmadığına görə ərəblər onu Şaş şəklində yazmışlar. Şaşkənd sonralar Daşkəndə çevrilmişdir. Maraqlıdır ki, şəhərin adını Çin qaynaqları Çö-Çi, Çö-Şi, yaxud sadəcə Şi şəklində transkripsiya etmişlər ki, bu da çincə daş deməkdir.

Kaşğar şəhərinin tarixi adı Ordu-kənddir . Bu ad onun paytaxt olmasına işarədir. Qədim Çin mənbələrində şəhərin adı Solek və ya Sorak , çincə transkripsiyası Su-lek , çincə bugünkü adı Sufu , transkripsiyası isə Ku-şa və ya Ka-şadır. İndiki Kaşğar Atadağdan axan Qızılsu çayının qolu olan Tümənin sağ sahilində yerləşir. Əski Kaşğar isə bir qədər uzaqdakı təpə üzərində salınmış, qala divarları ilə əhatə edilmişdir. Qədim Kaşğarın xarabalıqları hələ də qalır. Mühüm karvan yollarının qovşağında yerləşən bu şəhərin tarixi b. e. ə. 76-cı ildən başlanır.

Balasağun orta əsrlər türk dünyasının ən əhəmiyyətli şəhərlərindən biridir. Əsası VII əsrdə qoyulmuşdur. İlk adı türkcə ‘şimaldakı şəhər' mənasına gələn Qara-Ordu, Quz-Ordu, Quz-Balıq, soqdca eyni mənada ‘ Quz-Uluş' [13. S. X] ‘şərqdəki şəhər' mənasını verən Kök-Sağun olmuşdur. Monqollar ona Gu-Balıq ( guo - monqolca ‘gözəl' deməkdir) adını vermiş, ərəblər isə Biladi-Sağun ( bilad - ərəbcə ‘ölkə', ‘şəhər' deməkdir) adlandırmışlar. Sağun şəhərinin monqol dilində «qala» mənasına gəldiyi ehtimal edilir. (Bu toponimlərin forma və mənaları haqqında məlumatları Ramiz Əskərin «Kutadğu bilik» monoqrafiyasından götürmüşük [14. S. 16–18].

Mahmud Kaşğari «Divan»da təsvir etdiyi eyni toponimik vahidin etnolinqvistik əsaslarını müəyyənləşdirmiş, toponimik sistemlərin (alt və üst sistemlər – C.K.) qarşılıqlı əlaqəsinin tarixini işıqlandırmışdır.

Mahmud Kaşğarinin xəritəsində verilmiş şəhər adları mövsümlə bağlı dəyişirdi. Bir məlumata görə «Qaraxanlı xanları qışda Kaşğarda , yazda isə Balasağunda otururdular. Amma həqiqi paytaxt Kaşğar idi. Elə bu səbəbdən də Kaşğara Ordu-Kənd deyilirdi» [15. S. 179].

Mahmud Kaşğari bir coğrafiyaşünas kimi türklərin yaşadıqları şəhər, kənd, dağ, çöl, dərə, göl və s. adlara öz münasibətini bildirmişdir. O, bu məqsədlə qeyd etmişdir ki, barəsində yazdığım dağlar, çöllər, dərələr, sular, göllər islam türklərinin ellərində olanlardır. Çünki dillərdə dolaşan bunlardır. Bunları tanınmış olduqları üçün yazdım; tanınmamış olanların bir çoxlarını buraxdım. Müsəlman olmayan türk ellərindən bir çoxunu daha yazdım; digərini yazmadım; çünki onları yazmaqda bir fayda yoxdur. Türk dilinə sonradan daxil olan kəlmələri yazdım; kişi və qadın adları da yazılmadı. Bunlardan ancaq doğru bilinməsi üçün çox istifadə olunanlar, hər kəs tərəfindən tanılan adlar yazıldı [3. S. 24, 28].

Ahmet Caferoğlu yazır: «Coğrafiya deyimləri, yer adları, daha çox dövrün bəlli başlı yerlərinə münhazır olmaq üzrə əsərə alınmışdır. Yer adlarından bəziləri “Divan”a alındığı halda, nədənsə xəritədə işarə edilməmişdir» [16. S. 41].

Ramiz Əskərin tərcüməçilik fəaliyyətindən savayı, mühüm xidmətlərindən biri də Mahmud Kaşğarinin çəkdiyi xəritədəki yer adlarını latın qrafikası ilə verməsidir. Hazırladığı cədvəlin əvvəlində R. Əskər yazır ki, xəritədəki coğrafi məkanları, şəhər, məntəqə, ölkə və boy adlarını, eləcə də digər işarələri nömrələyərək cədvəl halına saldıq, tanınmaları üçün bəzi şəhər və ölkələrin müasir adlarını da göstərdik [3].

Əsərin əsas mənası – Türk dilləri Kamusu deməkdir; bu kitabın ən qiymətli dəyərlərindən biri də burada onomastik vahidlərin toplanmasıdır. Bu əski türkün o zamankı coğrafi durumunu öyrənmək üçün çox əhəmiyyətlidir.

Mahmud Kaşğari böyük əziyyətlərə qatlaşaraq türk dünyasını qarış-qarış gəzmiş, dolaşmış, türkün keçmişini indiyə gətirib çıxara bilmişdir: «Türklərin həmən təkmil illərini, obalarını, bozkırlarını (çöllərini) incədən-incəyə gəzdim, dolaşdım. Türk, türkmən, oğuz, çiğil, yağma, qırğız boylarının dillərini və qafiyələrini, tamamən zehnimdə nəqş etdim ki, hər tayfanın şivəsi ən mükəmməl bir surətdə ortaya çıxmışdır» [9. S. 53].

Özünün qeyd etdiyi kimi, Mahmud Kaşğari hələ lüğətində ona məlum olan xüsusi adların hamısından bəhs etməmişdi. Daha doğrusu, bunu lazım bilməmişdi. Beləliklə, Mahmud Kaşğari bir çox adların etimologiyasını da müəyyənləşdirmişdir. O, onomastik vahidlərin əmələ gəlməsində ekstralinqvistik amillərin roluna üstünlük vermişdir.

«Divan»dakı onomastik vahidlərin tarixi-etimoloji tədqiqi qədim substrat layların açılmasına imkan verir, toponimlərin təbəqələşməsini yerinə yetirir. Təbəqələşmədə onomastik vahidin hansı xalqa mənsub olduğu müəyyənləşir.

Tədqiqat göstərir ki, bütün qədim türk toponimlərində semantika, necə deyərlər, tündləşir. Tarixi-etimoloji tədqiqat yolu ilə xeyli topoleksemin dəqiq mənaları semantik prinsip əsasında açılır.

Tədqiqat nəticəsində tarixi onomastik vahidlərə istinadən türk xalqlarının etnik tarixini, onların digər xalqlarla əlaqə və münasibətini, tarixi-mədəni əlaqələrini, etnogenez məsələlərini də öyrənmək, aydınlaşdırmaq mümkün olur. Etnogenezi öyrənməklə «Divan»dakı etnonim və etnotoponimlərin yaranma səbəblərini dəqiqləşdirmək olur. Bu sahədə tədqiqat göstərir ki, sözügedən ərazilərdəki toponimlərdə öz əksini tapan türk qəbilə və tayfaları ancaq avtoxton (yerli) olmuşlar. Bunu sonrakı tədqiqatlar, xüsusən də arxeoloji qazıntılardan əldə olunan materiallar da təsdiqləyir. Amma tarixin müxtəlif epoxalarında bu ərazilərə ərəb, monqol, irandilli tayfalar da axın etmiş və bu zaman etnokomponentlərdə bəzi dəyişiklik baş vermiş, demək olar ki, etnik tərkib «təzələnmiş»dir.

Nəhayət, «Divan»dakı onomastik vahidlərin tədqiqi göstərir ki, bu aspektdə tarixi leksikologiya və tarixi morfologiya problemlərini də həll etmək mümkündür.

ƏDƏBİYYAT

  1. Жучкевич В. А. Общая топонимика. Вышэйш. шк., Минск: 1968.
  2. Qurbanov A. Azərbaycan dilinin onomalogiyası. Maarif, Bakı: 1988.
  3. Kaşğari Mahmud. Divani lüğət-it-türk. I. Bakı: Ozan, 2006 (Tərcümə edən və nəşrə hazırlayan Ramiz Əsgər).
  4. Divanü lüğat it-türk tercümesi. Ankara; 1985. 1. Çevirən Besim Atalay.
  5. Qurbanov A. M. Ümumi dilçilik. Bakı: Maarif, 1989. Pedaqoji institut üçün dərslik.
  6. Axundov A. Torpağın köksündə tarixin izləri. Bakı, 1983.
  7. Махпиров В. Имена древних предков. Алма-Ата, 1977.
  8. Ülkütaşır M. Şakir. Büyük Türk Dilçisi Kaşğari Mahmut. Ankara: A. Ü. Basımevi, 1972.
  9. Genç R. Kaşgari Mahmuta göre XI yüzyılda Türk dünyası. Ankara, 1977.
  10. Sümer F. Türk devletleri tarihinde şahıs adları. İstanbul, 1990.
  11. Quliyev Ə. A. Qədim türk onomastikasının leksik-semantik sistemi: Dokt. diss. avtoref., Bakı, 2003.
  12. Dilaçar A. Kutadğu Bilig İncelemesi. Ankara: TDK yay., 1995.
  13. Arat R. R. Kutadgu bilik. 1: Metin. Ankara, 1979..
  14. Ramiz Əskər. Kutadğu Bilig, Bakı: Elm, 2003.
  15. Emin Muhammet Buğra. Şarki Türkistan tarihi. Ankara, 1987.
  16. Ahmed Caferoğlu. Kaşğarlı Mahmut. İstanbul, 2004.
 



Biblioqrafik göstəricilər
1. Azərbaycan dilində
2. Türk dilində
3. Özbək dilində
4. Uyğur dilində
5. Qazax dilində
6. Türkmən dilində
7. Tatar dilində
8. Başqırd dilində
9. Tacik dilində
10. Fars dilində
11. Çin dilində
12. Yapon dilində
13. Rus dilində
14. İngilis dilində
15. Alman dilində
16. Fransız dilində
17. İtalyan dilində
18. Macar dilində

 



© 2007 WebStudio.AZ
Copyright © 2009 Cahid İsmayıloğlu / www.cahidismayiloglu.com; www.ismayiloglu.com; www.cahid.info.