Baş səhifə Elmi iş Elmi məqalələr Ədəbiyyat Mətbuatdan Video Əlaqə
Cahid İsmayıloğlu













MÜNDƏRİCAT
Baş səhifə
Elmi iş
Məqalələr
Elmi məqalələr
Ədəbiyyat
Mətbuatdan
Rəylər
Video
Foto albom

 
| More

 

 

Cahid İSMAYILOĞLU,
AMEA, Nəsimi adına Dilçilik İnstitutunun aspirantı

ETNİK TARİXİMİZƏ VƏ DİLİMİZƏ YENİ BAXIŞ

(Kazımov Q.Ş. Azərbaycan dilinin tarixi (ən qədim dövrlərdən XIII əsrə qədər).
Bakı, «Təhsil», 2003, 584 s.).

Tarix və dilçilik yavaş-yavaş ulu əcdadlarının haqqını özünə
qaytarmaqdadır (Q.Kazımov).

 

Kazımov Q.Ş. Azərbaycan dilinin tarixi (ən qədim dövrlərdən XIII əsrə qədər). Bakı, «Təhsil», 2003, 584 s.

«Azərbaycan dilinin tarixi» adlanan bu monoqrafiya 6 fəsildən ibarətdir. 1-ci fəsil dünya dillərinin qohumluğu-monogenez probleminə həsr edilmişdir. Məlumdur ki, dil ailələrinin ümumi genetik qohumluğu problemində dilemma kimi qarşıda duran əsas məsələ «dillərin poligenez və ya monogenez olması»dır. Poligenez nəzəriyyə əksəriyyətin qəbul etdiyi nəzəriyyədir, lakin monogenez probleminə şübhə ilə baxanlar da vardır. Dünya dillərinin vahid kök üzərində yarandığını nəzərə almamağın nəticəsində tiploji cəhətdən müxtəlif dillərdə eyni bir sözü gördükdə həmin leksik vahidin bu və ya digər bir dildən yayılmış olduğunu güman etmişlər. Məsələni qəlizləşdirən də budur. Sözsüz ki, bu ikili nöqteyi-nəzər arxeoloji materiallarla yanaşı, dil ailələrinin qohumluğunu isbat edən faktların tədqiqi, aşkara çıxarılması yolu ilə həll oluna bilər. Bir çox dilçi alimlər inamla, təkidlə monogenez mənşəyin sübutuna çalışmış, lakin öz fikirlərinin sona qədər müdafiə etməyənlər də olmuşdur. Həmin alimlərin araşdırmaları dillərin monogenez və ya poligenez olması məsələsinin tarixi linqvistikanın mühüm bir bölməsi kimi son dərəcə aktual olduğunu göstərir. Etimoloji araşdırmaların genişləndirilməsi və dərinləşdirilməsi istiqamətində gözlənilmədən dünyanın bütün müasir dil ailələrinin vahid mənşəyini aydın şəkildə sübüt edən inandırıcı faktlar əldə edilmişdir. Alimlər dünya dillərinin mənşə birliyini aydınlaşdırmağın yeni üsulunu müəyyənləşdirməyə can atırlar. Beləliklə, bir çox nəzəriyyələr (A.Melniçuk, V.İlliç-Svitiç və b.) ulu dilin öyrənilməsi üçün geniş imkanlar yaradır, tədqiqatlar dərinləşir., bu məqsədlə qrammatik və leksik formaların müqayisəli etimoloji təhlilləri verilir, rəngarəng quruluşda praformalar müəyyənləşdirilir. Geniş mənada Altay nəzəriyyəsinə əsaslandığı üçün türk dilləri materiallarını müqayisəyə cəlb etmək o qədər də mümkün olmamışdır. Q.Kazımov isə monogenez problemini əlavə faktlar və türk dilləri materialları ilə zənginləşdirmişdir. Əsərin ən qiymətli cəhətlərindən biri də elə budur.
Dünya dillərinin ümumi qohumluğu ideyasının tərəfdarları və tədqiqatçıları nostratik dilçilik nəzəriyyəsini əldə əsas tutaraq yer üzündəki bütün dil ailələrinin qohumluğunu, bir ulu dildən törəmiş olduğunu daha əsaslı şəkildə, orijinal dəlillərlə, israrla sübuta yetirmişlər.
Bəri başdan qeyd edək ki, bu əsər indiyə qədər Azərbaycan xalqının və dilinin mənşəyinə kölgə salan hipotezanı alt-üst edir, təhrif, dolaşıq konsepsiyalara tutarlı zərbə vurur. Çox mühüm bir tarixi-elmi həqiqətin ucundan tutub ulu dilimizin zirvəsinə yüksəlirik. Türkün kimliyi, ulu dilimizin ilkin mərhələləri açılır. Bu açıqlama dünya dillərinin qohumluğu-monogenez probleminə aydınlıq gətirilməsi ilə başlanır. Müəllifin həqiqi tarixə söykənən mülahizələri nəticəsində Azərbaycan ərazisinin ən qədim insan məskəni olduğunu, ilk insanların təfəkkür və nitqinin mərhələlər üzrə inkişaf prosesi keçirdiyini, dilin tədrici inkişafı nəticəsində ulu dilin meydana gəldiyini öyrənirik. «35-40 min illik müddət ərzində ulu dil tam təşəkkül tapmış, mürəkkəbləşmə istiqamətində böyük inkişaf yolu keçmiş, sonrakı minilliklərdə miqrasiyaların çoxalması ilə parçalanmağa başlamış, tədricən ilkin forma-quruluş etibarilə bir-birindən fərqlənən və gələcək dil ailələrinin başında duran protodilləri doğurmuşdur. Nəticədə yer üzərində yaranmış ulu dildə təqribən e. ə. XII minillikdə böyük bir mərhələ başa çatmış, ulu dilin parçalanması, müxtəlif dialektlərin, müasir dil ailələrinin başında duran protodillərin yaranması prosesi sona yetmişdir (dillərin bir-birindən sonrakı təcrid olunmalarını inkar etmirik). Müxtəlif dil ailələrinin yaranması bundan sonrakı inkişaf prosesinin nəticəsidir» (s. 16).
Q.Kazımov tarixdən əldə etdiyi təəssürat əsasında protodillərin yaranması dövrünü, sonradan parçalanması haqqında inamlı nöqteyi-nəzərini bildirir. Müəllif tayfa dilləri arasında çarpazlaşma prosesini, inkişaf nəticəsində dillər arasında ayrılma prosesini (köksözlü, aqqlütinativ və flektiv), həmin dillərin quruluş sistemində, lüğət tərkibində baş verən dəyişmələrin səbəblərini aydınlaşdırır: Buna səbəb tədricən prefiks, infiks, suffiks kimi dil vasitələrinin törəməsi, dillərin tədricən tipoloji cəhətdən fərqlənməsi, leksik-qrammatik vasitələrin inkişafı, qrammatika və leksikanın qarşılıqlı şəkildə bir-birini zənginləşdirməsi idi (17). Alimin inamla söylədiyi fikirlərdən biri budur ki, tipoloji cəhətdən fərqlənən protodillər ulu dilin daxilində güclü dialekt kimi fərqlənmişdir. Bundan daha mühüm başqa bir nəticə çıxarmaq olur: tipoloji cəhətdən fərqlənən ilk protodillər ilkin təcridolunma mərhələsində eyni quruluşlu bütün dil ailələrinin başında durmuşlar. Yəni indi bir-birinə qohum hesab olunmayan bütün flektiv dillər bir protodilin törəmələridir. Bir-birinə qohum hesab olunmayan bütün iltisaqi dillər bir protodilin törəmələridir. Beləliklə, müəllif indiyə kimi «sübütları» düzgün olmayan alimlərdən fərqli olaraq ulu dilin quruluş və lüğət tərkibində gedən ümumi inkişaf prinsiplərini – təkmilləşməni, səlisləşməni, sadələşmə və mürəkkəbləşməni doğru olaraq nəzərə alır.
Monegenez probleminin hərtərəfli təhlili dillərin inkişafını vahid köklə bağlayan istiqamətləri üzə çıxarır.
Əsərdə ulu dilin parçalanması səbəbləri, dillərin təcrid olunmasının, vahid ulu dilin ilkin parçalanması üçün təbii şəraitin yarandığı göstərilir. Ulu dil haqqında müəllifin təsəvvürləri güclü məntiqə, ulu dilin dil ailələrindəki izlərinə və protodillərin törəmələrinə, budaqlarına əsaslanır. Ulu dildən dil sistemləri yayılmış, dilin daxili kateqorial əlaqələri öz əsasını ulu dildən almışdır. Ulu dildə protodillərin yaranması üçün kifayət qədər əsaslı fonetik, leksik və qrammatik özəlliklər var idi. Elə buna görə də Q.Kazımov ilk dəfə belə bir mülahizə irəli sürür ki, tipoloji cəhətdən eyni olan bütün dillər bir protodilin budaqlarıdır. Odur ki, tipoloji cəhətdən eyni quruluşlu dilləri müqayisəli-tarixi metod əsasında öyrənməklə sonra müqayisəni protodillər arasında apararaq ulu dilə yaxınlaşmaq olar.
Müəllif bu sahədə böyük xidmətləri olan N.Andreyevin, N.Marrın, V.Şottun, V.İlliç-Svitiçın, A.Melniçukun həmin istiqamətdə gördüyü işləri qiymətləndirir. Bu alimlər ulu dildən gələn leksik vahidlərin dil ailələrindəki arxetiplərini dəqiqləşdirmiş, əsaslı və ciddi araşdırmalar və müqayisələr aparmış, dil ailələri arasında uyğunluqları müəyyənləşdirmişlər. Tətbiq olunan üsullar dünya dillərinin bir kökdən, bir ulu dildən yaranması fikrinə aydınlıq gətirir, həmin ideyanı əyaniləşdirir.
Q.Kazımovun vahid dilin qohum dillərə parçalanması və qohum protodillərin inkişaf yolu, həmin inkişaf prosesində söz köklərində baş verən əsaslı dəyişikliklər və s. haqqındakı mülahizəri aydın və inandırıcıdır.
Müəllif hər bir dil ailəsininin müqayisəsinə çox həssaslıqla yanaşmış, hər bir dil ailələrinə aid elmi ədəbiyyatı diqqətlə nəzərdən keçirmiş və həmin ailəyə daxil olan dillərin tədqiqi səviyyəsi ilə maraqlanmışdır. Bu monoqrafiya dünya dillərinin bir kökdən olduğunu təsdiqləyən uğurlu və ümumiləşdirici bir tədqiqatdır. Q.Kazımov özündən əvvəl dünya dillərinin bir kökdən olduğunu təsdiq edən əsərlərə də öz tənqidi münasibətini bildirmiş, lakin gələcək araşdırmalar üçün, dillərin mənşəyinin müəyyənləşdirilməsi üçün bu cür ümumiləşdirici əsərlərə ehtiyac yarandığını da göstərmişdir.
Diqqətlə araşdırma aparan, hadisələri məntiqi şəkildə əlaqələndirən Q.Kazımovun «Azərbaycan dilinin tarixi» monoqrafiyası ulu dil haqqında tədqiqatların gələcəyinə böyük ümidlər doğurur. Zəhmətkeş alim dünya dillərinə məxsus saysız-hesabsız söz köklərində ulu dilin söz köklərini görür. Lakin kitabın əsas mövzusundan kənara çıxmamaq üçün illərdən bəri topladığı nümunələrdən (gi (getmək, gəlmək, qaçmaq, yerimək, hərəkət etmək, yüyürmək, yortmaq və s.) bi (boy, boy atmaq, bitmək, bitki, böyümək, böyük, inkişaf etmək, balaca, balacalaşmaq), ti (dil, demək, danışmaq, məlumat çatdırmaq, söz söyləmək), qa (örtülü yer, qab, qapı, qala, qalamaq, hasar, şəhər), ba (bağ, əlaqə, bağlamaq və s.), lu (adam, el, xalq, ulus, ölkə və s.), ta (düz, çöl, səhra, dərə və s.), bar, ber (vermək, yığmaq, var və s.), bur (burmaq, boran və s.), si (sinə, ürək, orta) yalnız bir neçəsinin genetik və struktur-semantik təhlilini verə bilmişdir. Bu faktlar dünya dillərində sözün inkişaf istiqamətlərini-struktur-semantik və genetik inkişafını izləmək baxımından çox maraqlıdır. Bu həmçinin bəşərin inkişaf yolunu təsəvvür etmək üçün də faydalıdır. Müəllifin gətirdiyi türk mənşəli nümunələrin əhəmiyyəti orasındaddır ki, o, ulu dilə məxsus olan, lakin ilkin olaraq şumerdə təsadüf olunan sözlərin bütün Hind-Avropa məkanında geniş işləndiyini göstərməklə onun ulu dilə məxsus lüğət vahidlərindən olduğunu və sonralar dünya dillərində müxtəlif izomorflarla şaxələndiyini təsdiqləmiş olur.
Kitabın 2-ci fəsli «Protodillərin parçalanması dövrü. Şumer dili» adlanır. Bu fəsildə müəllif protodillərin Ön Asiyada parçalandığını, ilkin miqrasiyaların buradan başladığını, şumerlərin qədim Azərbaycan ərazilərindən İkiçayarasına endiyini və akkadlarla toqquşmadan sonra bir qisminin geri qayıtdıqlarını, şumerlərin yayılma arealını, Şumer-Aratta əlaqələrini, şumer dilinin quruluşunu, bu dilin inkişaf mərhələlərini, fonetik, leksik, morfoloji və sintaktik quruluşunu, şumerlərdən sonrakı dövr mənbələrini, mixi kitabələrini, Akkad mətnlərini nəzərdən keçirərək bütün bunlarda şumer-protoazərbaycan-türk birliyini görür. Müəllifin özünəməxsus mühakimə və mülahizələri ilə hörmətli oxucu və mütəxəssislər razılaşmaya da bilərlər. Bunu o, oxucularının öz öhdəsinə buraxdığı üçün təqdir olunmalıdır.
Məlumdur ki, Azərbaycan xalqının etnik tarixi-etnogenezi və onun dilinin mənşəyi hələ də dəqiqləşməmiş bir problem olaraq qalır. Etnogenez və dilimizin mənşəyi məsələsi hazırkı dövrdə mürtəce konsepsiyanın üstün mövqeyi, həqiqi elmi konsepsiyanın küncə qısılmış vəziyyəti ilə son dərəcə mürəkkəbləşdirilmişdir. Xalqın etnik tarixi yanlış və zərərli bir konsepsiya əsasında izah edilir. Monopolizm əsl tarix və dilimizi əlimizdən alıb yadlaşdırmış-farslaşdırmışdır. Həmin konsepsiya artıq özünün qeyri-elmiliyi, mürtəceliyi ilə əksər tədqiqatçıların diqqətini çəkməkdədir. Çünki həmin konsepsiya xalqa öz keçmişini, etnik mənşəyini unutdurmaq məqsədi güdür. Q.Kazımovun da, məsələdən obyektiv danışan digər müəlliflərin də yanaşmasında bizə xoş təsir bağışlayan odur ki, artıq gerçəklik çoxları tərəfindən getdikcə başa düşülməkdədir. Çünki bu məsələ son dərəcə ciddi məsələdir. Bu proses müxtəlif konsepsiyaların toqquşması yolu ilə yaranmış gərgin mübarizə şəraitində meydana çıxır və əslində yuxarıdan nəzarət olmadığı, olan nəzarət də əks qüvvələrin xeyrinə olduğu üçün bu mübarizə indi də daha kəskin şəkildə davam etməkdədir. Dilin və xalqın mənşəyini müəyyənləşdirmək sahəsində bilavasitə imkanlı və ixtiyarlı qüvvələr daim mühafizəkar mövqe tutmuş, Azərbaycan ərazilərində çox qədim dövrlərdən köklü türk tayfalarının mövcudluğu faktlarını inkar etməklə, türk tayfalarının Azərbaycana ilkin gəlişini eramızın III və V əsrləri ilə bağlamış, lakin bu gəlişin də elə bir əhəmiyyətə malik olmadığını, Azərbaycan türk dilinin XI-XIII əsrlərdə səlcuq-oğuzların gəlişi ilə təşəkkül tapdığını israrla sübuta çalışmışlar. Bir sıra Azərbaycan tarixçi və dilçilərin nöqteyi-nəzərlərində tarixi gerçəkliklər qəsdən təhrif olunur, xalqımızın, dilimizin tarixi keçmişinə əks ideoloji baxışlar formalaşmışdır. Bu baxımdan monoqrafiyanın 3-cü fəsl «Protoazərbaycan dili dövrü» zidd ideoloji baxışlara cavab olaraq çox qiymətlidir. Bu fəsildə dövlət, etnogenez və Azərbaycan dilinin mənşəyi məsələlərinin qoyuluşu, etnik tərkib və dil məsələləri saf-çürük edilir. Müəllifin fikrinə görə, protoazərbaycan dili dövrü e. ə. IV minilliyin ortalarından başlanır. Azərbaycan ərazisində yaşayan türk tayfalarının dili yerli keyfiyyətlər qazanır, yerli toponim, etnonim və antroponimlər yaranır, dil (tayfa dilləri) tədricən şərqə hərəkət edən türk tayfa dillərindən ayrılma, gələcək vahid Azərbaycan dilinin əcdadı kimi təşəkkül tapma istiqamətində inkişaf edir (s. 193).
Q.Kazımov dünya elminin arxalandığı arxeoloji materiallara əsaslanaraq qeyd olunan yanlış və zərərli konsepsiyalara qarşı öz sözünü deyə bilir və göstərir ki. türklərin ilkin vətəni Sayan-Altay əraziləri deyil, Ön Asiya olmuş, ilkin miqrasiyalar məhz buradan başlamış, türklər buradan Mərkəzi Asiyaya köç etmiş, min illərlə o yerlərdə artıb-çoxalaraq yeni əlverişli yaşayış sahələri axtarışı ilə yenidən geriyə-öz ilkin yurdlarına dönmüşlər. Ulu dil Ön Asiya və Aralıq dənizi həndəvərində yaranmış və burada protodilə parçalanmışdır (s. 296).
Q.Kazımov bu fəsildə həmçinin protoazərbaycan dili dövrünün leksikası (xüsusi adlar, toponimlər), bir sıra fonetik, qrammatik əlamətləri, Mannanın etnik tərkibi və dil özəllikləri (leksika, xüsusi adlar, Manna toponimləri və antroponimləri və onların mənşəyi, fonetik və qrammatik xüsusiyyətləri; Madanın etnik tərkibi və dilin qrammatik əlamətləri-leksikası-xüsusi adları-toponimləri-şəxs adları haqqında da orijinal fikirlərini söyləyə bilmişdir. Bu hissədə gəlmə türk tayfalarının (kimmerlər, skiflər, saklar) etnik tərkibi və dil xüsusiyyətlərinə də aydınlıq gətirilmişdir.
Ayrı-ayrı məsələlərin təhlilində bir sistem təşkil edən bu kitabın IV fəslində Azərbaycan dilinin əmələ gəlməsi prosesi e.ə. IV-e V əsri sferasında araşdırır. Həmin dövrdə Alban (Aran) dövləti yaranır, etnik tərkibi və dili formalaşır. Alban dövlətinin ərazisi aborigen etnoslar və onların dilləri çərçivəsində müəyyənləşir. Azərbaycan xalqının və dilinin təşəkkülündə mühüm rol oynamış oğuz mənşəli qədim tayfaların (qarqarlar, bolqarlar, peçeneqlər, qıpçaqlar, xəzərlər, kəngərlər, şiraklar, şamaklar, kerqilər, hunlar, çollar və s.) etnogenetik xüsusiyyətləri açıqlanır. Alban yazısı, Alban dilinin leksikası (etnonim, toponim və antroponim) və qrammatikası (sözdüzəldici şəkilçiləri) haqqında məlum olmayan yeni biliklər verir.
Bu fəsildə atropatenallarının etnik tərkibi və dili haqqında da məlumat verilir. Atropatena dövründə Azərbaycan ərazisində çox mürəkkəb etnik proseslərin getdiyi, yerli türk tayfaları ilə gəlmə türk tayfalarının konsolidasiyasının davam etməsi göstərilir. İnamlı faktlar əsasında müəllif xalqımızın təşəkkülündə iştirak etmiş komponentlərin etnik mənsubiyyətini müəyyənləşdirir və azərbaycanlıların orta əsrlərdə iranlılardan və qafqazdillilərdən dönmə olması haqqındakı qeyri-elmi konsepsiyanın puçluğunu üzə çıxarır. Uzumüddətli inkişaf prosesində təbii dəyişikliyə uğramış Atropatenalların toponim, etononim və antroponimlərinin quruluş-məna və genetik imkanları nəzərdən keçirilir.
Tədqiqatın növbəti istiqaməti erkən orta əsrlərdə Azərbaycan xalqının və dilinin təşəkkülü məsələsinə həsr edilir. Müəllif türkləri Azərbaycan ərazisində şumerlərin yaşıdı sayanlardan fərqli olaraq, insandan türk qolunun Ön Asiya torpaqlarında ayrılmışdır, fikrinə gəlir.
IV fəsildən çıxan nəticə belədir: türk tayfaları zaman keçdikcə qaynayıb-qarışmış, Azərbaycan xalqının, müasir Azərbaycan dilinin təşəkkülünə gətirib çıxarmışdır. Bir sıra şivə fərqlərinə baxmayaraq, erkən orta əsrlərdə Azərbaycanda yerli və gəlmə türk etnoslarının vahid xalq kimi birləşməsi prosesi başa çatmışdır.
Ümumxalq Azərbaycan dilinin təşəkkülü ilə Qədim Azərbaycan dili mərhələsi sona yetir və yeni Azərbaycan dili mərhələsi başlayır (s. 425).
Kitabın V fəslində şifahi ədəbi dilimizin təşəkkül dövrü araşdırılır. Bu, VI-VIII əsrləri əhatə edir. İlk öncə, VI-VIII yüzilliklərdə Azərbaycanın tarixi şəraiti-siyasi, iqtisadi və mədəni vəziyyəti təhlil olunur. Sonra son dərəcə kamil bir yaradıcılıq nümunəsi olan, dilimizin bütün quruluşu barədə bütöv təssəvvür yaradan bir mənbənin - «Kitabi-Dədə Qorqud»un - ümumxalq Azərbaycan dilinin təşəkkül dövrünün abidəsinin yaranma tarixi, poetik-dastançılıq ənənələri, dastanların bir sıra fonetik, leksik və morfoloji xüsusiyyətləri, ən çox da Dədə Qorqud dilinin geniş sintaksisi şərh olunur. İlk dəfə olaraq alim «Dədə Qorqud»un dil materialı əsasında Azərbaycan dili sintaksisinin bütün əsas struktur modellərini nəzərdən keçmirmişdir.
Monoqrafiyanın sonuncu - VI fəsli yazılı ədəbi dilin təşəkkülü (IX-XII əsrlər) dövrünün xarakterik xüsusiyyətlərindən bəhs edir. Fəslin əvvəlində sözügedən yüzilliklərdə Azərbaycan ədəbi dilini şərtləndirən amillər üzərində dayanılır. VI əsrdən təşəkkül və formalaşma prosesi keçirən Azərbaycan ədəbi dili artıq IX-XII əsrlərdə yazılı ədəbi dil kimi öz təşəkkülünü tam başa çatdırmışdır (s. 555).
Bu kitabın müsbət cəhətləri həddən artıq çoxdur: bu cür kitabların bir əhəmiyyəti budur ki, araşdırıcılar hər hansı bir leksik-terminoloji vahidin dünya dillərində yayılma arealını müəyyən edə bilirlər. Təhsil, tədris prosesində yunan, latın mənşəli söz, element kimi şərh edilən bir sıra sözlərin xalis yunan və ya latın sözü olmadığı, dünya dillərinə məxsus ulu dildən gəldiyi aydınlaşır.
Q.Kazımovun böyük zəhmətinin nəticəsi olan bu əsər ulu dilin yaranması, problemlərin və dil ailələrinin əmələ gəlməsi, e.ə. III-I minilliklərdə Azərbaycan ərazisində etnogenez və dil məsələləri, Azərbaycan Xalq Dilinin, şifahi və yazılı ədəbi dilimizin təşəkkül yolu barədə aydın və bitkin təsəvvür yaradır, gələcək tədqiqatlar üçün yol açır.

P.S. Bu günlərdə Q.Kazımovun «Azərbaycan dilinin tarixi» (ən qədim dövrlərdən XIII əsrə qədər). Bakı, «Təhsil», 2003, 584 s.) adlı kitabının «Ulu Dil» layihəsi çərçivəsində internet saytının yaradılmasına başlanmışdır. Müəllifin başqa əsərləri və onlan haqqında məlumatları http://www.uludil.gen.az internet saytından əldə edə bilərsiniz.

 

 



Biblioqrafik göstəricilər
1. Azərbaycan dilində
2. Türk dilində
3. Özbək dilində
4. Uyğur dilində
5. Qazax dilində
6. Türkmən dilində
7. Tatar dilində
8. Başqırd dilində
9. Tacik dilində
10. Fars dilində
11. Çin dilində
12. Yapon dilində
13. Rus dilində
14. İngilis dilində
15. Alman dilində
16. Fransız dilində
17. İtalyan dilində
18. Macar dilində

 



© 2007 WebStudio.AZ
Copyright © 2009 Cahid İsmayıloğlu / www.cahidismayiloglu.com; www.ismayiloglu.com; www.cahid.info.